"Ermənistan suveren dövlət olmadığını bir daha nümayiş etdirmiş oldu"
“Cənab İlham Əliyevin Praqa səfəri çərçivəsində çox mühüm görüşlər keçirildi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş iki hissədən ibarət olmaqla beş saatdan artıq davam etdi. Bu, görüşdə vacib və gərgin müzakirələrin aparıldığının göstəricidir. Görüşdə Fransanın da iştirakı Ermənistana sanki əlavə bir stimul verirdi. Yaxşı bilirik ki, Fransa ənənəvi olaraq ermənipərəst mövqedən çıxış edir, hər zaman Ermənstana açıq dəstəyini sərgiləyir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını əvvəldən güman etmək mümkün idi: “Paşinyan, əlbəttə ki, Fransanın iştirak etdiyi görüşdə özünü çox qətiyyətli hiss edirdi. Ermənistan və Fransa açıq şəkildə sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstəriləcəyini düşünə bilərdilər. Söhbət sentyabrın 12-14-ü tarixlərində Ermənistan tərəfindən törədilən hərbi təxribartlardan gedir. Bu təxribatların qarşısını Azərbaycan tərəfi qətiyyətlə aldı. Bundan sonra Ermənistan və onun havadarları, o cümlədən Fransa Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirdilər. Onlar düşünürdülər ki, dördtərəfli görüşdə məhz Azərbaycana qarşı hər hansı təzyiq göstərəcəklər. Lakin dünənki görüşün nəticələri bunu göstərdi ki, cənab İlham Əliyev növbəti dəfə xalqımızın milli maraqlarına uyğun, müstəqil siyasət yürüdərək qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi, Azərbaycanın ədalətli mövqeyini bir daha onların diqqətə çatdırdı. Azərbaycana hansısa təzyiq göstərilməsi planı isə suya düşdü”.
Deputat deyib ki, yekunda qəbul edilmiş bəyanat Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini və suverenliklərini tanıması ilə əlamətdar oldu: “Bu, çox vacib məqam, sülhə doğru atılmış çox mühüm bir addım idi. Çünki bu günə kimi Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tanınmamışdı. Bu xüsusda BMT-nin Nizamnaməsi əsas sənəd kimi götürüldü. Əlbəttə, faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiqləndi. Ermənistan suverenliyimizi tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını bəyan etmiş oldu”.
C.Osmanov əlavə edib: “Sərhədlərin delimitasiyası istiqamətində mühüm irəliləyiş komissiyanın iclasının tezliklə keçirilməsi ilə bağlı razılıq əldə olunması idi. Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini əhatə edəcək birgə sərhəd monitorinq misiyasını yaradıb, bundan sonra regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Ermənistan tərəfi də dəfələrlə belə bəyanatlar səsləndirməklə çağırışlar etmişdi. Avropa İttifaqı və Fransa da buna hazır olduqlarını deyirdilər. Öz suverenliyinə dəyər verən Azərbaycan buna qətiyyətlə etiraz etdi. Beləliklə, Azərbaycanın qəti mövqeyindən sonra razılaşdırıldı ki, bu misiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə misiya ilə əməkdaşlıq edəcək, sərhəd misiyası etimad qruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Ermənistan isə sərhəd misiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha bütün dünya qarşısında nümayiş etdirmiş oldu. Digər tərəfdən, Ermənistan tərəfindən atılmış bu addım həm də Rusiyaya qarşı yeni və ciddi addımdır”.