Siyasət 26 Oktyabr 2023, 15:29 | Baxış sayı: 125
"Ermənistan sülhə niyyətini əməli formada göstərməlidir"

Vətən müharibəsi başa çatdıqdan sonra sülh təşəbbüsləri məhz Azərbaycan tərəfindən başlanılıb və bu dövr ərzində rəsmi Bakı həmişə Qafqazda sülh, sabitlik və əməkdaşlıq perspektivlərinə sadiq qalıb, lakin ötən 3 il ərzində əvvəlki 30 illik dövrdə olduğu kimi Ermənistan davamlı olaraq özünün havadarlarına və həmin o havadarların qeyri-real vədlərinə güvənərək sülh prosesindən davamlı şəkildə yayınıb. Nəticə etibarilə Azərbaycan Vətən müharibəsindən sonrakı perioddakı cəza və antiterror tədbirləri ilə prosesin irəlilədilməsinə və sülhə, sabitliyə doğru qəti addımların atılması üçün mühitin formalaşdırılmasına nail olmuşdur. 

Bu dövr ərzində Azərbaycan və Ermənistan arasında məhz Azərbaycan Prezidentinin irəli sürdüyü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan 5 şərt istiqamətində Moskva, Vaşinqton və Brüssel platformaları çərçivəsində müzakirələr aparılıb. İlk dövrlərdə biz Brüssel prosesinin kifayət qədər uğurlu olması barədə düşünməyə başlamışdıq. Həqiqətən məhz Brüssel prosesi çərçivəsində Azərbaycan və Ermənistan arasında müəyyən dialoq mühiti inkişaf etmiş, Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərdə tanıyaraq ifadə etmişdi. Lakin sonrakı dövrdən, xüsusən ötən ilin oktyabrından etibarən Fransanın Brüssel prosesinə açıq müdaxiləsi, həmçinin bölgədə sülhə, sabitliyə təkzib olunmaz şəkildə zərər vuran davranışları, Avropa İttifaqının  özünün bəzi addımları Brüssel prosesinin effektini azaltmağa başladı. Azərbaycanın özünün sərhəd bütövlüyünü təmin etməsi və ardınca bütün ərazilərində konstitusion quruluşun bərpa olunması fonunda Fransanın və Avropa İttifaqının bir çox strukturlarının xüsusilə radikal və qərəzli davranışları fonunda isə Brüssel prosesinin əsl mahiyyəti ümumiyyətlə, suallar doğrumağa başladı. Xüsusən Fransanın, Avropa İttifaqı Parlamentinin Azərbaycana münasibətdə açıq, qərəzli danışıqları Brüssel platformasını daha çox anti-Azərbaycan masasına çevrilməyə başladı ki, bunu da, təbii ki, Bakı qəbul edə bilməz.

Məhz bu kimi davranışlar fonunda, xüsusən Fransanın prosesə açıq müdaxilə cəhdlərini genişləndirmək niyyətini ortaya qoyduğu bir çağda, Azərbaycanın istəklərinin nəzərə alınmadığı situasiyada Bakı qısa müddət öncə keçirilmiş Qranada görüşündən imtina etdi. Biz aydın şəkildə Qranada görüşünün Ermənistanın lehinə, Azərbaycanın açıq formada maraqlarının hədəfə alındığı bir platformaya çevriləcəyini görürdük. Çox təəssüflər olsun ki, təşkilatçılar prosesin növbəti mərhələsində də Fransanın və digər qərəzli beynəlxalq subyektlərin prosesə müdaxilə elementlərini aradan qaldırmamaqla Brüssel prosesinin sonrakı mərhələlərini də indidən sual altına qoymuşlar və belə olan halda Azərbaycanın bu məzhəkənin bir hissəsi olmasına lüzum yoxdur. Bu gün Azərbaycan sülh prosesi ilə nail ola biləcəyi bütün üstünlükləri əldə edib, lakin biz bölgədə davamlı sülhün və əməkdaşlığın formalaşması üçün mütləq qaydada yeni düzənin formalaşmasını arzu edirik. Bu formata isə yalnız bölgə dövlətlərinin özlərinin iştirakı ilə, bölgədən çox uzaq güclərin prosesə müdaxiləsindən kənar şəkildə nail olmaq mümkündür. Qısa müddət öncə həyata keçirilən "3+3" platforması bu gün regionda sülh və əməkdaşlıq mühiti üçün daha ağlabatan mühit ehtiva edir. Bu mənada, hesab edirik ki, prosesi davamlı şəkildə pozan güclərin iştirakı ilə həyata keçirilən kənar platformalardansa, region dövlətlərinin özlərinin iştirakı ilə 3-lü, 6-lı və yaxud ən azından Azərbaycan və Ermənistanın özünün birbaşa ikili təmasları ilə daha ciddi nəticələrin əldə olunması mümkündür. Ermənistan başa düşməlidir ki, Azərbaycan sülh prosesində maraqlıdır, amma Ermənistanın ərköyünlüyünə tabe olub bu prosesdə davamlı olaraq hərəkətverici qüvvə kimi sonsuza qədər çıxış etmək niyyətində deyilik.

Ermənistan özü də sülhə niyyətini əməli formada göstərməlidir. Bütün imkanlarda, bütün mümkün platformalarda Azərbaycana münasibətdə ittihamlar səsləndirərək sülhə sadiq qaldığını bəyan etməsi Ermənistanın riyakarlığıdır və bu çıxışlar, xüsusən Fransa-Ermənistan münasibətlərinin mövcud ritorikası, o cümlədən ötən gün Ermənistan xarici işlər nazirinin kanadalı həmkarı ilə birlikdə verdiyi bəyanatlar Ermənistanın əslində yenidən sülh imitasiya etdiyini və regionda əməkdaşlıq və sülh mühitinin formalaşmasında maraqlı olmadığını göstərir. Belə olan halda, təbii ki, Azərbaycan davamlı israr etmək niyyətində deyil.  Ermənistan özünün düşdüyü vəziyyəti, günü-gündən dərinləşən dalan dövlət statusunu nəzərə alaraq bundan sonra sülhə nail olmaqda daha çox özü israrlı olmalıdır.

Xəbərlər