KOMİTƏ İCLASLARI 10 Noyabr 2022, 17:09 | Baxış sayı: 78
“Ermənistan sülh naminə Azərbaycanın təşəbbüslərinə qoşulmalıdır”

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 Noyabr - Zəfər Günündə Şuşaya səfər etməsi və hərbçilər qarşısında çıxışı zamanı verdiyi mesajlar böyük əhəmiyyət kəsb edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. 

Deputat bildirib ki, 8 noyabr tarixi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Çünki həmin gün tarixi şəhərimiz, mədəniyyətimizin beşiyi, Qarabağın incisi olan Şuşa erməni işğalından azad olunub: “Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Prezidentin dediyi kimi, Zəfər yolu ilə Şuşaya gedərkən hər kəs bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb”.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımıza mənəvi zərbə vurmuşdu: “Təxminən 30 il davam edən işğal dövründə Azərbaycanın şəhər və kəndləri, tarixi mədəni-dini irsi, sözün əsl mənasında, vandalizm təsirlərinə məruz qalıb. O cümlədən, məscidlərimiz, qəbiristanlıqlarımız təhqir olunub, təbii sərvətlərimiz talanıb, ekologiyaya ciddi ziyan vurulub. Amma insanlarda milli ruh, vətənpərvərlik daim yüksək olub, Ali Baş Komandanın əmrini gözləyib. Nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirib".

Fatma Yıldırım qeyd edib ki, regionun potensialı müharibəyə deyil, inkişafa, əməkdaşlığa, iqtisadi layihələrin həyata keçirilməsinə yönəldilməlidir: “Bundan ötrü Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşdirilməli və sülh sazişi imzalanmalıdır. Yalnız bundan sonra iki ölkə arasında etimad mühitinin formalaşması mümkündür. Dövlətimiz postmüharibə dövründə qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu sənəd hazırlanarkən müharibənin qalib tərəfi olan Azərbaycan hansısa bir üstünlüklər qazanmaq, imtiyazlar əldə etmək niyyəti güdməyib, sırf beynəlxalq hüququ əsas götürüb. Azərbaycan regionda davamlı sülhə nail olunması üçün vasitəçilərin səyi ilə aparılan danışıqlarda fəallıq və konstruktivlik nümayiş etdirir.

Amma Ermənistan hələ də 10 noyabr bəyanatının bütün bəndlərini yerinə yetirməyib, Qarabağdan qanunsuz erməni hərbi birləşmələri tam çıxarılmayıb. Eləcə də Zəngəzur dəhlizi məsələsi həll olunmayıb. Azərbaycan Laçın dəhlizi ilə bağlı öhdəliklərinə əməl etsə də, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişi təmin etməyib. Əgər rəsmi İrəvan öhdəliklərinə əməl etməsə Azərbaycan adekvat addımlar atacaq. Prezident İlham Əliyev Şuşada çıxışı zamanı bu barədə də mesajlarını verdi. Ona görə də, Ermənistan heç kimə arxalanmamalı, sülh naminə dövlətimizin təşəbbüslərinə qoşulmalıdır”.

Xəbərlər