Siyasət 19 Aprel 2023, 14:24 | Baxış sayı: 254
"Ermənistan rəhbərliyi və separatçılar Azərbaycan Prezidentinin xəbərdarlığından nəticə çıxarmalıdır"

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin regionlara hər bir səfəri bölgələrdə görülən işlər, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində həyata keçirilən tədbirlərin cəmiyyətə çatdırılması, bölgələrdə gedən quruculuq-abadlıq işləri, infrastruktur layihələri barədə vətəndaşlarımızın məlumatlandırılması baxımından əhəmiyyətlidir. Dövlət başçısının səfərləri həm də regionlarda görülən işlərin birbaşa prezidentin nəzarəti altında olduğunun təsdiqidir”.

Bu fikirləri  Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, məhz regionlarda həyata keçirilən tədbirlər, görülən işlərin uğurla nəticələnməsinin arxasında prosesin dövlət başçısının nəzarəti altında olması amili dayanır:

“Eyni zamanda həyata keçirilən uğurlu iqtisadi və sosial siyasət kursu uğurlarımızı şərtləndirən başlıca amillərdəndir. Elə Cənab Prezidentin Salyan və Neftçala rayonlarına səfərinin yekunlarına dair Dövlət Televiziyasına verdiyi müsahibədən də aydın oldu ki, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Cənab Prezidentin qeyd etdiyi kimi hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir”.

İqbal Məmmədov qeyd edib ki, dövlət başçısı sözügedən müsahibədə işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq abadlıq işlərinə də diqqət çəkib və iqtisadi uğurlarımız, göstəricilərimiz nəticəsində bu işlərin geniş miqyas aldığını diqqətə çatdırıb: “Dövlət başçısı bildirib ki, bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək. Prezidentin qeyd etdiyi kimi büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq ki, bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək”.

Millət vəkili deyib ki, dövlət başçısı müsahibə zamanı Ermənistanda baş qaldıran revanşist qüvvələrə, eləcə də Qarabağdakı separatçılara öz xəbərdarlığını edib: “Cənab Prezident deyib ki, Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Prezidentin təbirincə desək, separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər”.

İqbal Məmmədov əmin olduğunu bildirib ki, həm Ermənistan rəhbərliyi, həm də separatçılar Azərbaycan Prezidentinin xəbərdarlığından nəticə çıxaracaqlar:

“Əks halda bu onlar üçün yaxşı heç nə vəd etmir”.

Xəbərlər