“Ermənistan regionda vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürüdür”
Ermənistanın Avropa İttifaqının missiyasının bu ölkədə olmasından sui-istifadə etməsi və vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürütməsi aydın müşahidə olunur.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı səsləndirib.
O deyib ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan-Ermənistan sərhədi boyunca və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində atəşkəs rejimini pozmaqda davam edir: "Bu da insan tələfatına səbəb olur".
Spiker üç gün əvvəl Ermənistanın sərhəddə növbəti hərbi təxribat törətdiyini və nəticədə üç azərbaycanlı hərbçinin həlak olduğunu diqqətə çatdırıb.