Siyasət 18 Avqust 2023, 13:30 | Baxış sayı: 244
"Ermənistan Qərbi də aldadır, Rusiyanı da"

Asim Mollazadə: "Hələ bir müddət "blokada", "böhran" və "genosid" nağıllarını oxumağa davam edəcəklər"
 
BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası kimin kim olduğunu bir daha göstərdi. TŞ-nin daimi üzvlərinin mövqeyi diqqətlə izlənildi. Təhlükəsizlik Şurasının iclasında 15 ölkənin nümayəndələrinin çıxışı bir daha sübut etdi ki, ABŞ, Fransa, Rusiya, Çin planetin bir çox ölkəsinə təsirə malikdir. Rusiya və Fransanın arqumentləri bəzi digər dövlətlər tərəfindən səsləndirildi. Ermənistan üçün gözlənilməz Braziliya və Albaniyanın Azərbaycanı dəstəkləməsi oldu. Həm Braziliyanın, həm Albaniyanın Xankəndi, Azərbaycanın ərazi bütövlüyü ifadələrini işlətməsi, sözsüz ki, təqdirəlayiq idi. Ən neytral mövqe Çin tərəfindən səsləndirildi, Britaniya da qismən orta mövqe tutdu. Fransa haqqında isə nəsə deməyə ehtiyac yoxdur. Parisin BMT-dəki nümayəndəsi ermənipərəst mövqeyini sərgilədi. Yaxşı haldır ki, Fransa və Maltadan başqa Ermənistanın mövqeyini tam dəstəkləyən üçüncü belə çıxış olmadı.
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə müsahibəsində BMT-nin TŞ-də təşkil olunmuş iclasın nəticəsiz olmasını, daha doğrusu, ermənilərin lehinə qərar çıxmamasını rəsmi Bakının diplomatik uğuru kimi dəyərləndirib. Lakin deputat düşünür ki, ermənilər yenə də çirkin oyunlarına davam edəcəklər.
 
 - Asim müəllim, erməni tərəfinin BMT-nin Təhlükəsizlik Şurasından gözləntisi böyük idi. Bu mənada TŞ-nin xüsusi iclasından İrəvanı məmnun edəcək qərar çıxmamasını necə dəyərləndirirsiniz?
 
 - BMT-nin TŞ-nin ermənilərin tələbi ilə çağırılmış iclasında Azərbaycan əleyhinə hər hansı qətnamə çıxsaydı, bu, nüfuzlu beynəlxalq təşkilat kimi qurumun imicinə ziddi zərbə olardı. Çünki rəsmi Bakının bütün addımları beynəlxalq hüquq normaları çərçivəsindədir. BMT-nin təməl sənədlərinə, prinsiplərinə tam uyğundur. Bunun gözardı edilməsi qeyri-mümkündür. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü qorumaq istiqamətində qanuni hərəkətlər edir. Faktlarla, sübutlarla, görüntülərlə dünya ictimaiyyətinə isbat edir ki, Laçın yolu açıqdır və Qarabağda yaşayan ermənilərlə bağlı "humanitar fəlakət" iddiası uydurmadır. Artıq beynəlxalq təşkilatlar da fərqindədir ki, Ermənistan və erməni lobbisi mütəmadi təxribatlarla məşğul olur, müxtəlif səpkili şoular təşkil edirlər. Ermənilər haqsız olduqlarını bildikləri üçün hay-küyə, yalan və dezinformasiyalara baş vurmaqdan başqa yol görmürlər. Daha təsirli olsun, dünyanın diqqətini çəksin deyə "humanitar böhran" iddiasını ortaya atırlar. Amma yalan ayaq tutsa da, yerimir. Azərbaycan tərəfi bölgədə əslində mövcud olan reallıqları olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırır və erməni yalanlarını ifşa edir.
 - TŞ üzvlərinin mövqeləri bizim üçün maraqlıydı. Fransa və Maltanın birbaşa əleyhimizə çıxış etməsi gözlənilən idimi?
 - Bir sıra Qərb ölkələrində siyasi korrupsiya mövcuddur. Xüsusən Fransa siyasiləri korrupsiyaya qurşanmaqla olan-qalan nüfuzlarını da itiriblər. Məncə, artıq Fransa və onun kimi davranan qərəzli ölkələrə fikir verməməliyik. Bütün məsələlər ortadadır, hər şey göz önündədir. Fransa öz daxilində haqq-ədaləti, insan hüquqlarını təmin edə bilməyib. Korsika əhalisinin hüquqlarını tapdayan rəsmi Paris Azərbaycan haqqında nədən danışa bilər? Buna haqqı varmı? İmperialist təfəkkürlə siyasət yürütməyə çalışan dövlətlər dünyada tamamilə yeni proseslərlə üzləşəcəklər. İmperiyaların oyunlarına son qoyulacaq.
 - ABŞ Laçın yolunun açılmasını istəsə də, alternativ yoldan istifadəni və ərazi bütövlüyünü də vurğuladı. Sizcə, Vaşinqtonun mövqeyini nisbətən obyektiv hesab etmək mümkündürmü?
 - ABŞ erməni yalanları ilə bilavasitə üzləşib. Erməni rəsmiləri Vaşinqtonda bir söz söyləyiblər, Aİ və Rusiyada tamam fərqli təkliflərlə çıxış ediblər. Ağ Ev anlayır ki, İrəvana tam güvənmək olmaz. ABŞ tələb edir ki, Nikol Paşinyan hökuməti ortaya iradə qoysun, real addımlar atsın və sülh sazişini imzalasın. Həmçinin Vaşinqton erməni şoularından xoşlanmadığını büruzə verir.
 
 - Rusiyanın nümayəndəsi də erməniləri birmənalı müdafiə etmədi..
 
 - Ermənistan və erməni xislətini ən gözəl tanıyan, bilən elə Rusiyadır. Kreml Paşinyan hökumətinin hansı siyasəti yürütməsindən, Qərb ölkələrinin regionla bağlı maraqlarından yaxşı xəbərdardır. Ona görə də proseslərə bu cür yanaşır.
 
 - BMT fiaskosundan sonra Ermənistan hansı addımları ata bilər?
 
 - Ermənilər hələ bir müddət "blokada", "böhran" və "genosid" nağıllarını oxumağa davam edəcəklər. Əllərində başqa rıçaq qalmayıb. Sadəcə Azərbaycana deyil, Türkiyəyə qarşı antitəbliğatı sürdürəcəklər. Ancaq məlum məsələdir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə genişmiqyaslı hərbi qarşıdurmaya getməyə, müharibə aparmağa qadir ölkə deyil.
 
 - Ermənistanın davamlı təxribatları sülh prosesinin davam etməsinə imkan verəcəkmi?
 
 - Ermənistan sülh sazişi ilə bağlı müxtəlif vədlər versə də, heç birinə əməl etmir, sözlərindən yayınır. Bunu ABŞ və Avropa İttifaqı yaxşı görür. Rusiya İrəvan hökumətinin siyasətindən xəbərdardır. Ermənistan Qərbi də aldadır, Rusiyanı da. Yalan bir olar, iki olar. Ermənistan istədiyi vaxt bütün dünyanı aldada bilməz. Azərbaycanın tələbi odur ki, Ermənistan bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq üçün dərhal sülh sazişini imzalamalıdır. O cümlədən ardıcıl olaraq sərhədlərin delimitasiya və demarkasiya prosesi başlanmalı, kommunikasiyalar açılmalıdır. Qərbdən olan beynəlxalq vasitəçilər də bəyan edirlər ki, regional əməkdaşlıq qurulmalı və Cənubi Qafqazda stabillik təmin olunmalıdır. Qarabağdakı erməni icmasının nümayəndələri də Azərbaycan vətəndaşı kimi yaşamalıdırlar. Bunu istəməyənlər Ermənistana gedərək orada siyasi mübarizələrini apara bilərlər.
 
sherg.az

Xəbərlər