Siyasət 3 Oktyabr 2023, 17:49 | Baxış sayı: 121
"Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməlidir"

"Torpaqlarımız üç il əvvəl işğaldan azad olunsa da, Ermənistanın Azərbaycana qarşı mina terroru bu gün də davam etməkdədir".

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Ermənistan işğal dövründə ərazilərimizdə milyonlarla mina basdırıb: "Azərbaycan minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi ilə bağlı dəfələrlə çağırışlar etməsinə baxmayaraq, Ermənistan dəqiq xəritələri hələ də vermir. Verilmiş xəritələrin dəqiqliyi ancaq 25%-ə qədərdir. Bu da azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsinə böyük maneə olaraq qalır. Müharibənin başa çatdığı üç ilə yaxın müddətdə 314-dən çox insan minaların qurbanı olub. Onu da qeyd etmək istəyirəm ki, mina qurbanlarının 10%-ni hərbçilər, qalanlarını isə mülki insanlar təşkil edir. Minalar hərbi proseslərə qarşı nəzərdə tutulsa da, Ermənistanın basdırdıqları mülki insanların canlarını alır. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu məsələlərə səssiz qalır. Ərazilərin minalardan təmizlənməsi prosesi uzun zaman və böyük maliyyə tələb etdiyindən bu əməliyyatların icra olunmasına beynəlxalq birlik öz dəstəyini nümayiş etdirməlidir".

O bildirib ki, bu məsələ Azərbaycanla bağlı olduğundan beynəlxalq ictimaiyyət susur və ikili standartlardan yanaşmanı davam etdirir: "Ermənistan müharibə bitsə də, bu il aprelin 23-nə qədər qeyri-qanuni yollarla ərazilərimizə yeni minalar və silahlar daşıyıb. Belə ki, keçmiş qondarma qurumla təmas xətti olan 480 km uzunluqda bir əraziyə 2021-ci ildə istehsal olunmuş minalar basdırılıb. 23 apreldə "Laçın" sərhəd keçid məntəqəsinin qurulmasında məqsədimiz Ermənistandan ərazilərimizə silah-sursatın qanunsuz daşınmasının qarşısının alınması olub. 19-20 sentyabr tarixində aparılmış antiterror tədbirləri zamanı ordumuz qeyri-qanuni silahlıları tərk-silah edib və separatçıları ağ bayraq qaldırmağa məcbur edib. Qondarma qurumu buraxmağa məcbur olan separatçılar kustar üsullarla hazırlanmış minlərlə minalarla inzibati binaları və mülki obyektləri yenidən minalayıb. Məqsədi isə azərbaycanlılara qarşı mina terrorunu davam etdirmək olub. Ermənistanın bu hərəkətləri hərbi cinayətlərin davamıdır".

A.Badamov vurğulayıb ki, artıq müharibə başa çatdığından Ermənistan humanitar məsələlərdə ayrı-seçkiliyə yol verməməli və insanların mina qurbanına çevrilməsindən xilas edilməsi üçün minalanmış ərazilərin dəqiq xəritələrini Azərbaycana təhvil verməlidir: "Bu məsələdə beynəlxalq birlik ölkəmizə qarşı ikili standartlardan əl çəkməlidir. Əgər biz sülhdən danışırıqsa, tərəflərin hərəkətləri də sülhə xidmət etməlidir. Əks halda, regionda vəziyyət gərgin olaraq qalacaq".

report.az

Xəbərlər