Siyasət 3 May 2023, 13:16 | Baxış sayı: 110
“Ermənistan mina basdırmaqdan əl çəkməyəcək”

“Ermənistan əvvəlcə “hə” deyir, sonra da dediklərindən imtina edir. Bütün imkanlardan istifadə edərək bir neçə sahib arasında mövqe tapmağa çalışır. Ermənistan Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləyir, o vaxta qədər təxribatlardan, mina basdırmaqdan əl çəkməyəcək”.

Bu sözləri Ednews-a deputat Asim Mollazadə deyib. O, qeyd edib ki, Azərbaycan sülh müqaviləsi imzalanana qədər müvafiq tədbirləri görür: 

“Artıq Laçında sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayıb. Bu separatçıların bölgəyə girişini, silah-sursat daşınmasını məhdudlaşdıracaq. Ermənistan sülhə hazır deyil, sülhün necə olduğunu bilmir. Ermənistanın daxilində də təzyiq getdikcə artır. Bütün dünyanı hazır olduqlarına inandırmağa çalışırlar, lakin qorxurlar. Hazırda onları Qarabağ maraqlandırmır. Göründüyü kimi, ABŞ, Fransa, Rusiyada yerləşmiş erməni lobbisi aqressivdir, müharibənin dayanmasını istəmirlər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.

Xatırladaq ki, iddialara görə, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir.

Xəbərlər