"Ermənistan hərbi-siyasi rəhbərliyinin son avantürası da iflasa uğradı"
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən 40 ton un məmulatlarının məhz Ağdam-Xankəndi yolu ilə Xankəndiyə göndərilməsi nəzərdə tutulub. Bu, bir daha bütün dünyaya göstərir ki, Azərbaycan heç bir halda Qarabağda yaşayan ermənilərə, erməni icmasına qarşı humanitar təzyiq siyasəti həyata keçirməyib. Bu, mümkün də deyil. Azərbaycan dövləti heç vaxt öz vətəndaşlarına qarşı belə bir siyasət həyata keçirə bilməz. Sadəcə, Ermənistan alternativ variantları gizlədirdi, onu da bütün dünya bildi və qəbul etdi. Azərbaycanın işi haqq işidir. Cənab Prezident İlham Əliyev də bəyan edib ki, Qarabağda yaşayan ermənilər seçimlərini etsinlər. Azərbaycana reinteqrasiya etsinlər, vətəndaşlığımızı qəbul etsinlər. Kimlər bunu etməyəcəksə, Ermənistana, yaxud istədikləri ölkəyə köçüb getsinlər. Cənab Prezidentin bu çağırışına da reaksiya özünü çox gözlətməyib. Əldə olunan məlumatlara görə, hər gün Qarabağdan müəyyən qrup ermənilər çıxıb gedirlər. Bu, o deməkdir ki, onların Azərbaycana reinteqrasiya etmək niyyətləri yoxdur. Qalanlar isə bizim vətəndaşlarımızdır. Onlar Azərbaycan dövlətinin vətəndaşı kimi bütün konstitusion hüquq və vəzifələrin daşıyıcaları olacaqlar”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin son avantürası da iflasa uğradı:
“BMT Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycana qarşı qətnamə qəbulu baş tutmadı. Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizmini işə sala bilmədilər. Bu, Azərbaycanın diplomatik uğuru idi. Ciddi cəhdlə çalışdılar ki, Ermənistandan Xankəndinə yüklərin yalnız və yalnız Laçından keçməklə mümkünlüyünü beynəlxalq ictimai fikrə sırısınlar. Bu da alınmadı, çünki qarşılığında Azərbaycan tərəfi alternativ Ağdam-Xankəndi yolunu irəli sürdü, bu yolun təhlükəsiz olduğunu, bütün standartlara cavab verdiyini bildirdi. Beynəlxalq birlik də özü üçün kəşf etdi ki, Ermənistanın söylədikləri həqiqətəuyğun deyilmiş, yalan, iftira imiş, alternativ yol var imiş. Ermənistan isə çalışırdı ki, Ağdam-Xankəndi yolunun mövcudluğu faktı gizli qalsın, Azərbaycana təzyiqlər olsun. Azərbaycan dövlətinin, ali siyasi rəhbərliyinin, ölkə Prezidenti cənab İlham Əliyevin prinsipial və qətiyyətli siyasəti öz bəhrəsini verdi”.
pravda.az