Siyasət 19 İyun 2023, 15:14 | Baxış sayı: 87
"Ermənistan ekoloji terroru sərhəddə davam etdirmək niyyətindədir"

Ermənistan 30 illik işğal dövründə Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. İşğal altında olmuş ərazilərdə təbii sərvətlərimiz talan olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, onminlərlə hektar meşə sahəsi məhv edilib. Bütövlükdə Ermənistan tərəfindən regionun ekoloji durumuna böyük zərər vurulub.

Bunu açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Ermənistan ekoloji terroru indi də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirmək niyyətindədir: “Sədərək rayonu ilə sərhəddə yerləşən Arazdəyən kəndində inşa olunan metallurgiya zavodunun illik istehsal gücü 180 min tondan yuxarıdır. Bu isə kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir. Azərbaycan bu cür ekoloji cinayətə göz yuma bilməz. Ərazidə iri metallurgiya zavodu tikməklə Ermənistan növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozur. Konvensiyaya görə, bu cür layihələrin, digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Başqa sözlə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi. Əgər rəsmi Yerevan üçün metallurgiya zavodunun yaradacağı çirklənmə heç bir əhəmiyyət daşımırsa, öz əhalisinin sağlamlığı önəmli deyilsə, o zaman zavodu Azərbaycan sərhədlərindən uzaqda, Ermənistanın dərinliklərində inşa edə bilərlər”.

Fatma Yıldırım qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı da Ermənistan döyüş bölgəsindən kənarda yaşayan mülki əhaliyə, ekoloji mühitə, təbii sərvətlərə, regionun ümumdünya əhəmiyyətinə malik bioloji müxtəlifliyinə, zəngin meşə sahələrinə yenidən qəsd etmişdi: “Düşmən fosfor bombalarından da istifadə edərək ekoloji terror törətmişdi. Bundan başqa, Oxçuçayın da necə çirkləndirildiyinin hamımız şahidiyik. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Arazdəyəndə tikilən metallurgiya zavodu həm də regionda onsuz da qıt olan içməli su ehtiyatlarını ciddi təhdid altına alır. Dünya təcrübəsi göstərir ki, bir ton əlvan metalın istehsalı üçün 4 min kub-metr su istifadə edilir. Metallurgiya sənayesi tullantılarının yalnız 34 faizi tamamilə utilizasiya olunur, qalan 66 faizi isə ətraf mühitdə tullantı şəklində əbədi olaraq qalır. Ermənistan unutmamalıdır ki, metallurgiya zavodunun inşa olunduğu Arazdəyən ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. Bu səbəbdən də bu ərazilərin ekoloji durumuna Azərbaycan ictimaiyyətinin həssas yanaşması anlaşılan və məntiqlidir. Vaxtilə yurd-yuvasından didərgin düşmüş Qərbi Azərbaycan icmasının üzvləri zaman yetişdikdə Ermənistanın müxtəlif bölgələrinə, o cümlədən də Arazdəyənə qayıdacaqlar. Bütün bu səbəblərdən Arazdəyəndə sözügedən zavodun tikintisinə son qoyulmalıdır”.

Xəbərlər