“Ermənistan cəmiyyətin diqqətini reallıqlardan yayındırmağa çalışır”

“Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçında Azərbaycana məxsus nəzarət – buraxılış məntəqəsininin ləğv olunması ilə bağlı tələbini qəti şəkildə rədd etməsi siyasi nəticələri olan hüquqi hadisədir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Beynəxalq Ədalət Məhkəməsinin Azərbaycanla bağlı sonuncu qərarını şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Onun sözlərinə görə, bu qərar onu sübut etdi ki, sərhəd nəzarət – buraxılış məntəqəsi yaratmaq Azərbaycanın suveren hüququdur, müzakirə mövzusu ola bilməz:
“Beynəlxalq hüququn prinsiplərinə əsasən hər bir dövlət digər dövlətin öz ərazilərində hakimiyyətini həyata keçirmək hüququna hörmətlə yanaşmalıdır. "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanuna əsasən şəxslər, nəqliyyat vasitələri, yüklər Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən keçməklə buraxılırlar.
Dövlətin suverenlik hüququna zidd yanaşma ifadə etmək BMT Nizamnaməsinə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə zidd olardı”.
Deputatın fikrincə, bu qərar həmçinin mühüm siyasi məna daşıyır:
“Bir daha aydın oldu ki, aylardır bu mövzuda anti-Azərbaycan kampaniyası aparan Fransa, Aİ Parlamenti və bir sıra digər beynəlxalq subyektlərin arqumentləri qərəzlidir. Onlar beynəlxalq hüquqa hörmət etməyən, qlobal sülhə təhdid yaradan beynəlxalq subyektlərdir”.
Son olaraq B.Məhərrəmov əlavə edib ki, belə məsələləri gündəmə gətirən rəsmi İrəvan müharibədəki məğlubiyyətdən sonra düşdüyü çıxılmaz vəziyyətdən cəmiyyətin diqqətini yayındırmağa çalışır:
“Manipulyasiyalarla Beynəlxalq Ədalət Məhkəməsindən informasiya müharibəsində Azərbaycan əleyhinə istifadə etmək istəyir. Bu kimi saxta mübarizə üsulları ilə İrəvan indidən məğlubiyyətə məhkumdur. İstənilən halda Azərbaycan özünün suveren hüquqlarını tam şəkildə həyata keçirməyə davam edəcək. Ermənistanın 30 il davam etmiş işğal, təcavüz siyasətinin, müharibə cinayətlərinin nəticələrinə görə onu məsuliyyətə cəlb etməkdən vaz keçməyəcək”.