Siyasət 12 Sentyabr 2023, 17:44 | Baxış sayı: 215
“Ermənistan bu qəfəsi tərk edə bilməz”

“Rusiya Ermənistanı öz siyasi orbitindən çıxmasına heç vaxt imkan verməyəcək. Moskvada hesab edirlər ki, Ermənistan öz addımlarını Rusiyanın müəyyən etdiyi çərçivədə atmalıdır”.

Bu sözləri Milli Məslisin deputatı, politoloq Hikmət Babaoğlu müsahibəsində Ermənistan-Rusiya münasibətlərindəki gərgin vəziyyəti şərh edərkən bildirib. 

Söhbət zamanı Hikmət Babaoğlu Ermənistanın Rusiyadan uzaqlaşmasının mümkünlüyü, erməni diasporunun bu məsələyə münasibəti, Rusiyanın Ermənistanda təsir imkanları və Cənubi Qafqazda yeni geostrateji güc mərkəzi barədə öz fikirlərini bölüşüb. 

-Hikmət müəllim, son zamanlar Ermənistan və Rusiya arasında gərginlik yaşanır. Paşinyan daxil olmaqla Ermənistanın bir çox rəsmiləri Rusiyaya qarşı açıq ittihamlar səsləndirirlər. Bununla yanaşı, İrəvan Qərbin xeyrinə olan addımlarını intensivləşdirib. ABŞ hərbçilərinin təlimləri bu addımlardan biridir. Ermənistanın Rusiyadan uzaqlaşması nə dərəcədə mümkündür? 

-Son dövrlərdə Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi İrəvanda yeni hakimiyyət formaşlaşdıran Sorosun bu istiqamətdə atdığı addımlardan sonra başlayıb. Çünki nəticə etibarı ilə Paşinyanın hakimiyyətə gəlməsi birbaşa Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsinə hesablanıb. Əlbəttə ki, bu, o qədər asan məsələ deyil. Ermənistanın Rusiyanın cazibə dairəsindən çıxması ölkədə yeni geosiyasi dəyişikliklərin baş verəcəyi zamandan asılıdır. Bu isə Ermənistanın mövcudluğuna son qoya bilər.

Ümumiyyətlə, Ermənistanın Rusiyadan uzaqlaşması çox çətin görünür. Hər nə qədər hazırki mərhələdə gərginlik müşahidə edilsə də, Rusiyanın qətiyyəti və Ermənistanı öz siyasi orbitindən buraxmamaq üçün göstərdiyi cəhdlər bunun reallaşmasını mümkün etməyə bilər. Əgər bu suala daha konkret cavab axtarırıqsa, bir qədər gözləməliyik. Ona görə ki, Ermənistanın Rusiyadan uzaqlaşmasının yolu Rusiya-Ukrayna müharibəsinin nəticələrindən keçir. Əgər Rusiya Ukrayna müharibəsində qalib gələcəksə, şübhəsiz ki, Ermənistanın Moskvanın təsir dairəsindən uzaqlaşması siyasi xəyalpərəstlik olaraq qalacaq. Yox, əgər Rusiya bu müharibədən daha zəif dövlət kimi çıxacaqsa, onda orta və ya uzaq perspektivdə bu, mümkün görünə bilər.

Ancaq bütün hallarda Ermənistanın dövlət ola bilməməsi, onun hər hansı güc mərkəzinin cazibə qüvvəsində olub-olmamasından asılı olmayaraq, hər zaman İrəvanı başqaları siyasi alətə çevirəcək. Bu da əksər hallarda Azərbaycana qarşı təzyiq kimi istifadə ediləcək. Ona görə də Ermənistanın bu gün Rusiyanın, sabah Qərbin təsir dairəsində olmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Hər iki halda Ermənistan siyasi maşa olaraq qalacaq. 

-Ermənistanın Rusiyadan uzaqlaşmasına erməni diasporunun münasibəti necə olacaq?

-Son üç ildə hadisələrin fonunda Azərbaycanın əldə etdiyi tarixi zəfərlər kontekstində bir çox həqiqətlər kimi bir həqiqət də ortalığa çıxdı. Erməni lobbisi reallıqda güclü deyil, onun gücü mif kimi həddindən artıq şişirdilib. Erməni lobbisi yalnız və yalnız o vaxt Azərbaycana qarşı uğur əldə edə bilir ki, lobbinin fəaliyyət göstərdiyi ölkələrdə islamafobiya mərkəzlərlə əlbir olur və həmin mərkəzlər onların mərkli istəklərinin həyata keçməsinə kömək edirlər. Əks halda erməni lobbisi öz istəklərini həyata keçirə bilmir.

Hazırki mərhələdə erməni lobbisi hətta islamafob mərkəzlərlə birləşsələr belə, yenə də Azərbaycana qarşı təsirli bir akta imza ata bilmirlər. Ona görə də hesab edirəm ki, erməni diasporunun Ermənistanın Rusiyadan uzaqlaşması məsələsinə münasibəti fərqli olacaq. Çünki erməni diasporu dedikdə, biz müxtəlif ölkələrdə olan təşkilatların fəaliyyətinə diqqət yetirməliyik. Hazırda müşahidə etdiyimiz odur ki, Rusiyada yaşayan 2 milyonluq erməni diasporu Moskvanın mövqeyindən çıxış edir. ABŞ-da fəaliyyət göstərən erməni diasporu Qərbin mövqeyinə yaxın mövqe nümayiş etdirirlər. Fransada yaşayan ermənilər Fransanın mövqeyini dəstəkləyirlər. Bizim üçün müxtəlif ölkələrdəki erməni diaspor təşkilatları ona görə belə görünür ki, həmin ölkələrin Azərbaycana münasibəti eynidir. Onların heç biri güclü Azərbaycan görmək istəmir. Yalnız bu fonda erməni diasporu möhkəm görünür. Əslində isə belə deyil. 

-Dmitri Peskov öz açıqlamasında deyib ki, Rusiya Ermənistan kimi müttəfiqini itirməkdən qorxmur. Doğrudanmı Ermənistanın itirilməsi Rusiya üçün ciddi problem yaratmaz?

-Peskov Ermənistan-Rusiya münasibətlərindəki durumla bağlı çox maraqlı açıqlama verib. Bu açıqlamada iki önəmli məqam xüsusilə diqqətçəkəndir. Birincisi, Peskov deyib ki, biz problemlər üzərində təhlil aparmalıyıq, görək bunlara nə səbəb olub. İkinci məqama gəldikdə isə Peskov açıq şəkildə bildirib ki, Rusiya Ermənistan kimi müttəfiqini itirməkdən qorxmur. Burada ikinci məqam daha maraqlı görünür. Yəni Rusiya Peskovun dili ilə demək istəyir ki, o, Ermənistanı heç vaxt itirməyəcək. Əslində Moskvanın bu məsələdə heç bir qorxusu yoxdur. Rusiya indiki şəraitdə Ermənistanı itirməyəcəyindən əmindir. Peskovun açıqlaması Ermənistanı hədələmək deməkdir.

Bunun izahı belədir ki, siz Ermənistan olaraq Rusiya üçün forpostsunuz, konkret bir coğrafi çərçivədə sizin dövlətinizi yaratmışıq və İrəvanın qəfəsdən çıxıb qlobal məkana daxil olmasına icazə verməyəcəyik. Peksov mesaj verib ki, Ermənistan öz addımlarını Rusiyanın müəyyən etdiyi çərçivədə atmalıdır. Bu, əslində Rusiyanın Ermənistana meydan oxumasıdır. Hesab edirəm ki, hazırda vəziyyət, doğrudan da, elədir. Ermənistan istəsə də, hələlik bu qəfəsi tərk edə bilməz. 

Peskov öz açıqlamasında ona da eyham vurub ki, Moskva Ermənistan daxilindəki Rusiya bağlı dairələri işə salaraq qərbmeyilli Paşinyan və onun komandasının hakimiyyətdən getməsi üçün təsir imkanlarını artıracaq. Lazım olarsa, Rusiyanı dəstəkləyən qüvvələri hakimiyyətə gətirəcək. 

-Rusiya Ermənistanı itirərsə, Gümrüdəki rus hərbi bazasının taleyi necə olacaq? 

-Rusiyanın Gümrüdəki hərbi bazası öz əhəmiyyətini get-gedə itirir. Həqiqətən də Ermənistanın Gümrü şəhərində 102-ci rus hərbi bazası Türkiyəyə qarşı yaradılan kiçik bir bazadır, Ermənistanın özü isə bütövlükdə Türkiyəyə qarşı yaradılan forpostdur. Hesab edirəm ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşması və Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişafı kontekstində Ermənistan öz əhəmiyyətini itirdiyi kimi, Gümrüdəki 102-ci hərbi baza da öz əhəmiyyəti itirməyə doğru gedir. 

Bütün hallarda son üç yüz illik tarix ona göstərir ki, Rusiya-Türkiyə münasibətləri nə qədər yaxşılaşsa da, bu münasibətlər hələ uzunmüddətli müttəfiqliyə çevrilə bilməyib. Necə ki, 1918-1922 – ci illərdə, yəni Osmanlının dağılması ərəfəsində və Rusiyada inqilabi hərəkatın yaşandığı zaman Atatürk Türkəyisi ilə Sovet Rusiyası arasında müttəfiqlik meydana çıxmışdı. Leninin Atatürklə yaxşı münasibətləri var idi. Hər ikisi Qərb imperalizminə qarşı mübarizə aparırdı. Amma bir müddətdən sonra SSRİ ilə Türkiyə arasında yenidən soyuq münasibətlər yarandı. 

İndi də Rusiya-Türkiyə münasibətlərində yüz il əvvəl baş vermiş proseslərə bənzəyən proseslər yaşanır. Ümid edirəm ki, indiki fürsət əldən çıxmayacaq. Rusiya-Türkiyə münasibətləri nə qədər inkişaf edərsə və hər iki ölkə arasında strateji tərəfdaşlıq daha da dərinləşərsə, bir o qədər də regionumuz üçün müsbət perspektivlər yaranacaq. Bu tarixi mərhələdə də Qərb imperalizminin məqsədi təkcə Rusiya deyil, həmçinin Türkiyədir. Yəni Qərb imperalizmi Rusiyanı dağıtdıqdan sonra Türkiyəni hədəfə alacaq. Dərin strateji düşüncəyə malik olan Rusiya və Türkiyə liderləri bu həqiqəti də çox yaxşı başa düşürlər. Türkiyə və Rusiya arasında bu vaxta qədər bu istiqamətdə atılan addımlar bundan sonra daha da dərinləşəcək. 

-Cənubi Qafqazın itirilməsi Rusiya üçün nə dərəcədə ciddi geosiyasi zərbə ola bilər?

-Rusiyanın Cənubi Qafqazı itirməsi eyni zamanda, Ön Asiya və Yaxın Şərqin əldən çıxmasına gətirib çıxaracaq. Əgər belə hal baş verərsə, şübhəsiz ki, bu, Rusiya imperiyasının dağılmasının başlanğıcı ola bilər. Bu , sonrakı mərhələdə Şimali Qafqazın əldən çıxmasına gətirib çıxaracaq. Ona görə də geosiyasi baxımdan Cənubi Qafqaz Rusiya üçün əhəmiyyətlidir. Rusiya bu regionda mövqeyinin zəifləməsinə imkan verməz. 

-Əgər Rusiya Cənubi Qafqazdan çıxarsa, bu regionda Moskvanı hansı güc mərkəzi əvəzləyəcək?

-Son üç yüz ildə Qafqazda baş vermiş hadisələri nəzərdən keçirsək görərək ki, bu region iki ənənəvi güc mərkəzlərinin təsir dairəsində olub. Bunlardan biri Rusiya, digəri isə Türkiyədir. İstər Osmanlı və Çar Rusiyası, istərsə də müasir Rusiya və Türkiyə bu regionda güc mərkəzləri olub. Əlbəttə ki, Moskvanın Cənubi Qafqazda mövqelərinin zəifləməsi Türkiyənin regionda mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Hazırda Türkiyənin regionda mövqelərinin güclənməsi üçün tarixi proses gedir.

Regionda Türkiyə faktoru həm Azərbaycan, həm Gürcüstan həm də türk-müsəlman faktoru deməkdir. Bu, bütün bir Qafqazı əhatə edir. Bu, qaçılmaz bir prosesdir. Hazırki tarixi mərhələdən sonra başlayacaq yeni mərhələdə, şübhəsiz ki, bir müddət Türkiyə ilə Rusiyanın balanslı geosiyasi mövqeyi müşahidə olunacaq. Daha sonrakı mərhələdə isə Türkiyənin geosiyasi nüfuzu təkcə Cənubi Qafqazda deyil, bütün türk dünyasında möhkəmlənəcək.

cebhe.info

Xəbərlər