"Ermənistan Azərbaycana qarşı ekosid siyasəti həyata keçirir"
"Ermənistan həmişə Azərbaycana qarşı ekosid siyasəti həyata keçirir. Hələ ötən əsrin sonlarına yaxın Qafan şəhərində mis-molibden zavodunun tikilməsi və orada təmizlənməmiş sütun qalıqlarının Oxçuçayına axıdılması Azərbaycanın ekoloji mühitinə çox böyük zərbə vurdu".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Azərbaycan-Türkiyə sərhəddində yeni bir dağ mədən emalı zavodunun tikilməsi yenidən Araz çayının, eyni zamanda Arpaçayının kirlənməsinə gətirib çıxaracaq:
"Təbii ki, bu, Azərbaycana qarşı yenidən ekoloji cinayət hallarının artması kimi qiymətləndirilməlidir. Ona görə də bütövlükdə transsərhəd çaylarının keçdiyi ərazilərdə, yaxud dövlətlərarası sərhədlərə yaxın ərazilərdə hər hansı bir tikintinin aparılması mütləq qonşu dövlətlərlə razılaşdırılmalıdır. Ən azı tikiləcək istehsal müəssisəsinin texniki göstəriciləri, onun ekologiyaya vura biləcəyi mümkün zərərlər, onun kompensasiya edilməsi məsələləri ayrıca hesabat kimi həmsərhəd ölkələrlə razılaşdırılmalıdır. Yəni, həmsərhəd ölkələr bununla bağlı məlumatlandırmalıdır ki, mümkün ekoloji fəlakətə qarşı əvvəlcədən məlumatlı olsunlar.
Yaxud da ona yol verməməsi üçün əvvəlcədən primitiv tədbirlər görsünlər. Ona görə də Ermənistan bu zavodu layihələndirərkən mütləq onun mümkün ekoloji fəsadları və yaxud ekologiyaya ziyan vurmamasıyla bağlı qonşu dövlətləri - Azərbaycan və Türkiyəni məlumatlandırmalıdır. Əks təqdirdə bu region üçün yeni təhlükə mənbəyinə çevriləcək və bunun da məsuliyyətini Ermənistan daşıyacaq".