Siyasət 13 Sentyabr 2023, 15:54 | Baxış sayı: 163
"Ermənistan 2022-ci ildə danışıqlar prosesini sabotaj etməyə çalışırdı, nəticəsi ağır oldu"

“2022-ci ilin sentyabrına qədər Ermənistan hərbi-siyasi hakimiyyəti İkinci Qarabağ müharibəsi nəticəsində əldə olunmuş danışıqlar prosesini sabotaj etməyə çalışırdı və revanşist addımlar atırdı. Ancaq nəticəsi ağır oldu”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, düşmən Kəlbəcər, Laçın istiqamətində hərbi birləşmələr formalaşdırır, təxribatlar törədir, informasiya müharibəsi aparırdı: “Ermənistan Vətən müharibəsindəki məğlubiyyətin qisasını almağa çalışırdı. Bu ölkənin baş naziri Nikol Paşinyan 2021-ci ildə Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi. Həmin il sentyabrın 12-də başlayan hərbi təxribat Tovuz hadisələrini xatırladırdı. Belə ki, hər iki hadisə zamanı ermənilər ciddi hazırlıq görmüş, xunta rejiminə silah-sursat göndərmişdilər”.

Deputat xatırladıb ki, Azərbaycan Ordusu ötən ilin sentyabrında cəmi 7 saat ərzində Ermənistana növbəti acı məğlubiyyət yaşatdı. Onun 1 milyard dollar dəyərində hərbi texnikası sıradan çıxarıldı, yüzlərlə terrorçu məhv edildi. Bu, bir daha göstərdi ki, Ermənistan danışıqlar prosesini sabotaj edir, siyasi manipulyasiyaya çalışır və üçtərəfli bəyanatın şərtlərinin icrasından boyun qaçırır”.

Parlament üzvü vurğulayıb ki, sözügedən əməliyyat nəticəsində Ermənistana ciddi zərbə vurulub: “Beləliklə, həm İrəvan, həm də onun havadarları Azərbaycanın hərbi qüdrətindən bir daha əmin oldu. Hər kəs başa düşdü ki, Azərbaycan istənilən hərbi təxribatın qarşısını almağa hazırdır. Eyni zamanda, Ermənistanın regionda sülh yox, gərginlik istədiyini də hər kəs gördü. Məhz Azərbaycan Ordusunun apardığı əməliyyat nəticəsində Ermənistanın arzusu ürəyində qaldı. Azərbaycan oğulları göstərdi ki, vətən uğrunda hər an canlarından keçməyə hazırdırlar".

Qeyd edək ki, 2022-ci il sentyabrın ortalarında Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı nəticəsində sərhəddə gərginlik yarandı. 2021-ci il sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsi oldu. Ötən illərdə Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi.

report.az

Xəbərlər