Siyasət 23 May 2023, 16:48 | Baxış sayı: 104
“Ermənilərin yeganə ümidi ikiüzlü davranışlara, dezinformasiyalara, saxta xəbərlərə qalıb”

“Ötən gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Litvadan bəyan etdi ki, “sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək”. Məhz bu məqsədlər naminə, cənab İlham Əliyev elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, artıq iri güclər Qafqazda əməkdaşlıq mühitinin “parçala, hökm sür”məkdən daha faydalı olduğunu anlayıblar. Anlamaq istəməyənlər, o cümlədən Ermənistan və havadarları da Vətən müharibəsində və sonrakı periodda Azərbaycanla başqa dildə danışmağın mümkünsüzlüyünü anlayıblar. 200 il miflərlə yaşayan, xüsusən son 30 ildə məğlubedilməzlik eyforiyasına qapanmış Ermənistan və erməni cəmiyyəti üçün bunu qavramaq, təbii ki, asan deyil. Amma cənab İlham Əliyev Praqada, Soçidə, nəhayət Brüsseldə Paşinyana və onun protektorlarına reallığı bir daha anlatdı. Bir vaxtlar “Qarabağ Ermənistandır, nöqtə” deyən Paşinyan artıq Qarabağı Azərbaycanın 86.6 min kv km-lik tərkib hissəsi kimi tanıdığını açıq formada bəyan edir. Bu zəhərlənmiş, revanşist erməni cəmiyyətini razı sala bilərmi? Təbii ki, yox. Bəs ermənilər bu prosesə maneə olacaq gücdürlərmi, yaxud erməni diasporu və Fransa kimi güclər bu prosesdə Azərbaycanı dayandıra bilirmi? Cənab İlham Əliyevin dediyi kimi, “bizi kimsə dayandıra bilmədi və bilməz””.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov mayın 23-də guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yalan məlumat yaymasından danışarkən deyib.

 

Deputat bildirib ki, ermənilərin yeganə ümidi ikiüzlü davranışlara, dezinformasiyalara, saxta xəbərlərə qalıb: “Təəssüf ki, bu informasiyaları doğru kimi kommunikasiya etməyə hazır olan güclər var. Lakin Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil və bu kimi saxta təbliğatlarla İrəvan heç nəyə nail ola bilməz. Bəli, atəş açmaq, ərazimizdəki 10 mindən artıq əlisilahlı terrorçuları legitim hədəfi kimi hər an məhv etmək, o cümlədən Ermənistan ərazisində Azərbaycan üçün təhdid törədən, bölgədə sülh və təhlükəsizliyi hədəfə alan təhdidləri güc yolu ilə aradan qaldırmaq beynəlxalq hüquqla, BMT Nizamnaməsinin 1-ci və 51-ci maddələri ilə bizim haqqımızdır. Azərbaycan bu haqqından istifadə edəcəyi təqdirdə isə bu, hər bir halda xırda atəşkəs formasında olmaz. Lakin bütün dünya görür ki, biz mümkün qədər qansız-qadasız bir reallıq arzu edirik və proseslərin yumşaq keçidinin tərəfdarıyıq. Ona görə də Ermənistanın atəşkəs barədə saxta xəbərlərinin mənasız dezinformasiya olduğunu hər kəs başa düşür. Hamı anlayır ki, Ermənistanın artıq məğlubiyyətə uğradığı informasiya müharibəsində bu kimi təxribatlarla nəyəsə nail olması mümkün deyil”.

Xəbərlər