Siyasət 28 İyul 2023, 15:11 | Baxış sayı: 155
“Ermənilərin humanitar yardıma ehtiyacı varsa, nəyə görə uzun və qanunsuz yoldan istifadə edirlər?!”

“Ermənilər Ermənistan – Azərbaycan sərhədinə yük avtomobilləri göndərməklə və onların ərazimizə daxil olmasında israr etməklə  dövlətimizin  suveren  hüquqlarını təhdid edirlər. Dünyada heç bir ölkə digərinə qarşı belə aqressiv davranmır. Ona görə də bu hadisə Azərbaycana və regionda əldə edilməyə çalışılan sülhə qarşı təxribatdır”. 

Bu sözləri açıqlamasında Laçın sərhədindəki sonuncu təxribatla bağlı danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. 

Deputat deyib ki, Ermənistanın məqsədi aydındır - Vətən müharibəsindən sonra Azərbaycanın humanist mövqeyindən istifadə edərək hələ də Qarabağda yaşayan ermənilərin yeni separatizminə dəstək vermək, təxribat və separatçılığı dünyaya humanitar böhran kimi çatdırmaq:

“Ancaq ermənilər bu məqsədlərinə əsla nail ola bilməyəcəklər. Çünki bir tərəfdən humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi Xankəndi – Ağdam yolunu beton bloklarla bağlayır, digər tərəfdən Laçın – Xankəndi yolunda blokada olduğunu iddia edirlər. 

Əgər doğrudan da Qarabağ ermənilərinin humanitar problemi varsa, onda nəyə görə daha yaxın yol və səmərəli vasitələrlə insani yardım almağı əngəlləyirlər?! 

Nəyə görə uzun və qeyri-hüquqi yollardan istifadə etməyə çalışırlar?”.

H.Babaoğlunun sözlərinə görə, elə bu müqayisədən aydın görünür ki, onların problemləri və qayğıları humanitar məsələlər deyil – tam əksinə, yenidən etnik seperatçılıq yaratmaq cəhdləridir:
 
“Azərbaycan dövləti öz ərazi bütövlüyünə qarşı yönəlmiş etnik seperatizm problemini birdəfəlik həll edib. Heç vaxt ikinci dəfə seperatçılara fürsət verməyəcək. Hazırda ermənilər Laçın – Xankəndi yolunun başlanğıcında, sərhəddə absurd siyasi teatr sərgiləyirlər. Avropa Birliyinin diplomatları da tamaşaçı qismində bu səhnəni izləməyə cəlb olunub. 

Belə siyasi şantaj və təxribatlarla ermənilər heç nəyə nail ola bilməyəcəklər. Əksinə, mümkün sülh müqaviləsini imzalamamaqla Azərbaycanı məcbur edəcəklər ki, yeni həmlələr etsin. Biz sülhdə israrlıyıq, nə yolla olur, olsun, onu əldə edəcəyik”.

demokrat.az

Xəbərlər