Siyasət 16 Avqust 2023, 15:13 | Baxış sayı: 195
"Ermənilərin BMT təxribatı sülh danışıqlarını pozacaq"

Hikmət Babaoğlu: "Ermənistanın təxribatları sülhün əldə olunmamasına və yeni revanş müharibəyə hazırlanmasına xidmət edir"
 
Ermənistanın tələbi ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclası avqustun 16-da, Bakı vaxtı ilə 23:00-da keçiriləcək. Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb. Məlumat üçün bildirək ki, Ermənistan Qarabağla bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib. Erməni tərəfinin iddiasına görə, Qarabağda "humanitar böhran" yaşanır. Guya, Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı "aqressiv" davranır. Ermənistan və havadarları nəzərə almalıdır ki, nə Ermənistanın destruktiv əməlləri, nə də TŞ-də siyasi spekulyasiyalar Azərbaycanın haqlı mövqeyinə təsir edəsək. Ermənistan bilməlidir ki, BMT-də Azərbaycana qarşı hər hansı təxribat Azərbaycanın iradəsinə təsir göstərməyəcək. Amma bu, indiyədək aparılan sülh təşəbbüslərinin sonu demək olacaq. Məsələnin digər tərəfi ondadır ki, Qərb ölkələri belə addım atmağa cürət edərlərsə, o zaman sülh danışıqlarına dair ABŞ formatı və Aİ-nin vasitəçiliyi ilə gedən proses dayandırılacaq. Əgər Rusiya da bu təxribatda iştirak etsə, bu ölkənin vasitəçiliyi ilə danışıqlar əhəmiyyətini itirəcək. Bununla Azərbaycan, ümumiyyətlə, bu prosesi hər hansı vasitəçilərlə müzakirə etməyəcək. 
 
Millət vəkili Hikmət Babaoğlu açıqlamasında deyib ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarının sayı-hesabı yoxdur. Deputatın sözlərinə görə, ermənilərin təxribatları həm hərbi-siyasi, həm də diplomatik müstəvidə Azərbaycana qarşı tətbiq olunur: "Məsələnin mahiyyətinə vardıqda bu təkcə Azərbaycana qarşı deyil, həm də regionda mümkün sülhə qarşı olan təxribatlardır. Ermənistan beynəlxalq hüquqla hesablaşmır. Onun tələblərini, prinsiplərini heçə sayır. Üstəlik, imzaladığı üçtərəfli bəyanatların müddəalarını da yerinə yetirmir. Bütün bunlar Ermənistanın sülh niyyətinin olmamasından xəbər verir. Eyni zamanda Ermənistan sülh danışıqları prosesini həm də silahlanma və yenidən müharibəyə başlama fürsəti kimi qiymətləndirir. Vaxtın uzanmasının və sülhün əldə olunmamasının səbəblərindən biri də budur".
 
Parlament üzvü bəyan edib ki, beynəlxalq təşkilatların müxtəlif vaxtlarda bəzi məsələlərlə bağlı ədalətsiz, qərəzli mövqe nümayiş etdirməsi, ikili standartlardan çıxış etməsi bilinən reallıqdır: 
 
"Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasına müraciətinə yanaşma fərqli ola bilər. Nəticə etibarı ilə biz beynəlxalq təşkilatların öz qərarlarına qarşı nə qədər laqeyd olduqlarını keçmiş təcrübədə görmüşük. Yaxud lazımi qərarların icrasından imtina edilməsinin şahidi olmuşuq. Məsələ ondan ibarətdir ki, biz artıq beynəlxalq hüququn Azərbaycana münasibətdə necə tətbiq olunmasının ədalətli bir nümunəsini yaratmışıq. Bunu BMT TŞ-nin qəbul etdiyi qətnamələri öz gücümüzə icra etməklə reallaşdırmışıq. Düşünürəm ki, Ermənistanın təxribatları sülhün əldə olunmamasına və yeni revanş müharibəyə hazırlanmasına xidmət edir. Ancaq Azərbaycan buna imkan verməyəcək. Elə son dövrlərdə Azərbaycan-Ermənistan şərti sərhədlərində ermənilərin artan fəallığı da göstərir ki, gedişlərimiz doğrudur. Azərbaycan dövləti öz ərazi bütövlüyünün pozulmasına, təhdid olunmasına yönəlik hər addıma qarşı dərhal qəti tədbirlər görəcək".
sherg.az

Xəbərlər