Cəmiyyət 1 İyun 2022, 16:38 | Baxış sayı: 176
“Ermənilərin Azərbaycana gəlişi yalnız fəlakət gətirə bilər”

“Ermənilərin Azərbaycana gəlişinə vətəndaşların mövqeyi, cəmiyyətin ümumi baxışı və münasibəti var. 30 ildən çox müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, 10 minlərlə soydaşımızı şəhid edən, milyondan artıq insanı qaçqın-köçkün vəziyyətinə salan, soyqırımlar, dağıntılar törədən, qəddar düşmənçilik psixologiyasına malik olan ermənilərlə sovet dönəmindəki münasibəti bərpa etmək çox çətin məsələdir. Bu, çox gərgin proses olacaq. Həddən artıq çox qan tökülüb. Ona görə Ermənistan rəsmilərinin Azərbaycana gəlib-gəlməməsi barədə danışmaq hələ tezdir. İstər Paşinyan, istərsə də başqası... Paşinyan Ermənistanda əbədi olaraq rəhbər qalası deyil. Fikrimcə, onların Azərbayacana gəlişi arzuolunan deyil. Çünki ermənilərin gəlişi həmişə olduğu kimi, Azərbaycan üçün yaxşılıq yox, pislik, fəlakət, xoşagəlməz nəticələr gətirəcək. Ona görə də gəlməmələri daha məqsədəuyğundur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Deputat bildirib ki, bu məsələlərdən əvvəl Azərbaycan ərazisində bu gün də mövcud olan separatçı, cinayətkar qurum məhv edilməlidir: “Ərazilərimiz qeyri-qanuni hərbi birləşmələrdən tamamilə təmizlənməlidir. Bu isə hələ ki baş verməyib. Azərbaycan ərazisində, hətta Ermənistan dövlətinə məxsus silahlı birləşmələrin müəyyən hissələri qalmaqdadır. Azərbaycan birinci bunları təmizləməli, sərhədlər tamamilə müəyyənləşdirilməlidir. Vaxtaşırı ermənilər tərəfindən sərhəddə törədilən təxribatlara son qoyulmalıdır. Zəngəzur dəhlizi qeyd-şərtsiz sərbəst sürətdə fəaliyyətə başlamalıdır. Dəmir və avtomobil yolları fəaliyyətə başlamalı, ermənilər tərəfindən süni, qeyri-qanuni maneə yaradılmamalıdır. Bütün bunlardan sonra sülh sazişi imzalana bilər. Başqa cür mümkün deyil”.

 

E.Məmmədovun sözlərinə görə, sülh sazişindən əvvəl Azərbaycan tərəfindən bir şərt də irəli sürülməlidir: “30 ildən artıq müddətdə Azərbaycan əraziləri talanıb, viran qoyulub. Ermənilər tərəfindən ölkəmizə miqyası yüz milyardlarla ölçülən maddi ziyan vurulub. Ermənistan bu təzminatı ödəmək öhdəliyini götürməli, törətdiyi soyqırımları etiraf edib, Azərbaycan qarşısında üzr istəməlidir. Ya Azərbaycan məhkəmələri, ya beynəlxalq məhkəmələr qarşısında tribunallar qurulmalı, bu soyqırımı törədənlər cəzalarını almalıdırlar. Bunlardan başqa hələ xeyli məsələlər var. Hamısı həyata keçirilməli, ondan sonra qonşuluqdan, əməkdaşlıqdan danışmağa dəyər. Sonra dövlət başçıları arasında münasibətlər, gediş-gəliş məsələləri necə tənzimlənəcək, formalaşdırılacaqsa, bunu gedişat göstərəcək. Bu məsələrə hələ xeyli vaxt lazımdır”.

Xəbərlər