Siyasət 21 İyul 2023, 15:28 | Baxış sayı: 184
"Ermənilər vaxt itkisinə yol verən “ucuz  tamaşalardan” əl çəkməlidir"

Ermənistan sülh istəyirsə, o zaman spekulyasiyalara və “ucuz teatr tamaşalarına” son qoyub Azərbaycanın şərtləri daxilində sülh sazişi imzalamalıdır.

Bunu açıqlamasında deputat Müşfiq Məmmədli son günlərdə Xankəndidə baş verən  hadisələri və sülh sazişi istiqamətində gedən danışıqlar prosesini şərh edərkən  deyib.

Onun sözlərinə görə,  Ermənistan sülh sazişi ilə bağlı verdiyi bəyanatlarda səmimidirsə, o zaman bəyan etdiklərini kağız üzərində rəsmiləşdirməlidir. 

“Biz Ermənistanın sözdə sülhə hazır olduğunu bəyan etdiyini, əməldə isə bunun tam əksinin şahidi oluruq. Ermənistan sülh adından manipulyasiya və spekulyasiyalara, başqalarının  maraqlarının aləti olmağa son verib sülh istiqamətində ciddi addım atmalıdır”, - o qeyd edib.

Deputat bildirib ki, onsuz da ermənilərin bu spekulyasiyaların və cəhd etdikləri bu “ucuz teatr” səhnələrinin sonu yoxdur: “Bu oyunların ermənilərə heç bir faydası yoxdur. Bu, əslində, ermənilərin son 30 ildə kimlərinsə maraqlarının qurbanı kimi özünütəcrid vəziyyətinin davam etdirilməsi deməkdir. Ermənilər doğrudan da sülh, əmin-amalıq, təhlükəsiz şəraitdə yaşamalarını davam etdirmək istəyirlərsə, o zaman vaxt itirmədən Azərbaycanla sülh sazişini imzalamalıdır. Bölgədə  gərginliyin davam etməsində maraqlı olan revanşistlərin və bəzi xarici güclərin əlində alət olmaq isə onlara yaxşı heç nə vəd etmir. Bu, əksinə, onların üzləşdiyi durumu daha da mürəkkəbləşdirir və çətinləşdirir. Çünki bu metodlarla Azərbaycana təzyiq etməyin heç bir mənası yoxdur. Bütün bunlar mənasız və vaxt itikisindən başqa bir şey deyil. Azərbaycan mövqeyində qərarlıdır və istəyinə nail olacaq. Sadəcə, vaxt itkisindən itirən tərəf yenə də ermənilər olacaq. O baxımdan da son günlərdə xarici güclərin əli ilə Xankəndidə təşkil edilən “ucuz teatr səhnəsi”nin heç bir nəticəsi və effekti olmayacaq. Məyusluq keçirənlər və ümidsizlik sindrmonunu yaşayanlar ermənilər olacaq.

Əminliklə deyirəm ki, Qarabağdakı ermənilər nə qədər tez Azərbaycan cəmiyyətinə reinteqrasiya olacaqsa, bir o qədər də tez üzləşdikləri  çətinliklərdən xilas olacaqlar. Nəinki Qarabağdakı ermənilər, o cümlədən Ermənistanda yaşayan ermənilər də... Sülh bölgəyə yeni bir nəfəs gətirəcək. Sabitlik, inkişaf və təhlükəsiz bir  həyat... 

Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təminatçısıdır. Azərbaycan Prezidenti bunu ən yüksək tribunalardan və bütün platformalarda keçirilən görüşlərdə açıq bəyan edir. Azərbaycan tərəfinin verdiyi bu sözə kimsənin şübhəsi ola bilməz. Azərbaycan verdiyi sözün ağasıdır və bunu bütün dünya bilir.

Bunun üçün ilk növbədə ermənilər xəstə təxəyyüllərdən uzaq olub, bəzi güclərin əlində alət olmaqdan xilas olmalıdırlar. Artıq başda ABŞ olmaqla, Avropa Birliyi də Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasını ən yüksək səviyyədə dəstəkləyib, bunu təşviq edirlər. Sülh  sazişinin imzalanması prosesinin vaxt itirmədən imzalanmasını dəstəkləyirlər. Qərb artıq yaxşı anlayır ki, Ermənistanın və ermənilərin xoş gələcəyi, inkişafı, ancaq və ancaq Azərbaycanın təklif etdiyi şərtlər daxilində imzalanacaq sülh sazişi nəticəsində mümkündür”. 

olke.az

Xəbərlər