Səhiyyə 18 Sentyabr 2023, 16:56 | Baxış sayı: 251
"Tarif Şurasının qərarı dərmanların aşağı qiymətə alınmasına imkan verəcək"

“Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiqlənməsi əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcək”.

Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, hazırda dərman vasitələrinin qiymətləri olduqca yüksəkdir: “Ancaq bundan sonrakı dövrdə Tarif Şurasının qərarı ilə dərmanları təsdiq olunmuş qiymətlərdən aşağı almaq mümkün olacaq. Bu qərar qəbul olunana qədər dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. Məsələn, hər hansı bir dərman vasitəsinin qiyməti 10 manat olaraq təsdiqlənərdisə, bu, vahid qiymət hesab olunurdu və bütün apteklərdə 20 manata satılmalı idi. Yeni qərardan sonra isə təsdiq olunmuş satış qiymətləri yuxarı hədd hesab olunur. Yəni, artıq 10 manat həmin dərman vasitəsinin maksimal qiyməti sayılır və aptekdə onu 20 manatdan aşağı qiymətə almaq olar. Hesab edirəm ki, bu qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı alınmasına imkan verəcək”.

Səhiyyə komitəsinin üzvü qeyd edib ki, bu qərarla həm də əczaçılıq şirkətləri ölkə ərazisində qeydiyyata alınmış dərman preparatlarını rahatlıqla sata biləcəklər:

"Ölkəyə daxil olmuş dərman preparatlarının satışı ilə məşğul olan şirkətlər bir-biri ilə rəqabət aparacaqlar. Nəticədə isə daha ucuz və qeydiyyatdan keçmiş, dövlətin keyfiyyətinə nəzarət etdiyi dərmanların idxalı daha da stimullaşacaq. Bu isə nəticədə əhalinin daha ucuz və keyfiyyətli dərman preparatına əlçatanlığını təmin edəcək. Əvvəl konkret olaraq qiymət var idi. Bu, əhali üçün deyil, əczaçılıq şirkətləri üçün əlverişli idi. Təsdiq olunmuş dəyişikliklər fərqli bir rəqabət mühitinin formalaşmasına gətirib çıxaracaq".

pravda.az

Xəbərlər