"Ermənilər və havadarları Azərbaycan Prezidentinin mesajlarından nəticə çıxarmalıdır"
“28 May - Müstəqillik Günündə Azərbaycan xalqı olaraq tarixi anlar yaşadıq. Məhz uzun illərdən sonra Laçın şəhərinin bir qrup sakini öz doğma yurduna qayıtdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 28 May Müstəqillik Günündə onlara evlərinin açarlarını təqdim etdi. Dövlət başçısının azad olunmuş ərazilərimizə hər bir səfəri xalqımıza yeni müjdələr verir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, artıq Şərqi Zəngəzur və Qarabağda həyat canlanmağa başlayıb: “Cənab Prezident azad olunmuş ərazilərimizə hər səfərində vəziyyətlə tanış olmaqla yanaşı, böyük qayıdışa hədəflənən təməlləri atır. Bu günlərdə Kəlbəcər və Laçında da yeni təməllər atıldı, eləcə də bəzi obyektlərin açılışı gerçəkləşdirildi”.
Millət vəkilinin sözlərinə görə, azad olunmuş ərazilərə böyük qayıdışımızın ilk müjdəsi ötən il Zəngilan rayonunun Ağalı kəndində olub: “Bu ilin martında Tərtər rayonunun Talış kəndinə qayıdışımız gerçəkləşdi. 28 May - Müstəqillik Günündə Laçına qayıdışın başlanması isə çox qürurvericidir”.
Deputat qeyd edib ki, Azərbaycanın ən gözəl guşələrindən biri Laçın rayonunda ermənilər 28 illik işğal zamanı vandalizm aktı törədiblər: “Amma dövlətimiz tərəfindən böyük quruculuq işləri həyata keçirilir, bu ərazilərdə həyat yenidən canlanır. Laçın şəhərinin sakinləri ilə görüşündə Prezidentimiz onları qayıdış münasibətilə təbrik etdi. Dövlət başçısının dediyi kimi, Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sakinlərin ixtiyarına verilib. Bu il iyun ayının sonuna qədər xeyli sayda insan Laçına qayıdacaq. Birinci mərhələdə Laçına təxminən 4 minə yaxın qayıdış təmin olunacaq.
Prezidentimiz Laçın sakinləri ilə görüşü zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən də danışdı. Biz sülhün tərəfdarıyıq. Əgər erməni tərəfi prosesi pozmasa, yaxın zamanlarda sülh əldə etmək mümkündür. Lakin sülh sazişi imzalanmasa belə, Azərbaycan öz təhlükəsizliyini tam təmin edəcək. Ona görə də sülh daha çox Ermənistana lazımdır. Cənab Prezidentin Qarabağda yaşayan ermənilərlə bağlı fikirləri də çox önəmlidir. Bununla da, dövlətimiz öz şərtlərini açıqladı. Bu ərazimizdə qondarma qurumların ləğv olunması başlıca şərtdir. Onlar yalnız Azərbaycan qanunları çərçivəsində torpaqlarımızda yaşaya bilərlər. Cənab Prezidentin fikirləri ermənilər və onların havadarları üçün ciddi mesajdır. Hər kəs bu mesajlardan nəticə çıxarmalıdır”.