“Ermənilər üçün vaxt azalır”
Bu gün Ermənistan silahlı qüvvələrinin kəşfiyyat – diversiya qrupu terror – təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərib. Eyni gündə Ermənistanın təşəbbüsü ilə Laçın yolundakı vəziyyəti müzakirə etmək üçün Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclası keçirilir. Buna baxmayaraq, Ermənistan yenə də təxribatlara davam edir.
Məsələ ilə bağlı Milli Məclisin deputat Hikmət Babaoğlu açıqlamasında deyib ki, Ermənistan sərhədlərimizi pozmaqla, Qarabağda yaşayan erməni əhali ilə bağlı humanitar böhran tamaşası yaratmaqla, məsələni beynəlxalq təşkilatların gündəminə daşımaqla, müxtəlif ölkələrin xarici işlər nazirləri ilə xüsusi iş aparmaqla və Avropa İttifaqına üzv dövlətlərin monitorinq qrupunu prosesə qoşmaqla Azərbaycana təzyiq göstərməyə çalışır:
“Bu təxribatlar regionda sülh yaratmağın qarşısını almağa yönəlib”.
O bildirib ki, Azərbaycan tərəfi bu istiqamətdə lazımı addımlar atır:
“Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Ağdama səfər etməsi, Ağdam – Xankəndi yolunun humanitar məqsədlərçün, ermənilərin Azərbaycana reinteqrasiyası üçün ən uyğun yol olduğunu deməsi Azərbaycanın niyyətlərindən xəbər verir. Düşünürəm ki, bu, diplomatlarda obyektiv reallıq haqqında təsəvvür formalaşdırır”.
Lakin deputat hesab edir ki, ermənilər üçün vaxt azalır:
“Önümüzdəki bir ildən bir qədər artıq müddətdə sülh təmin olunmasa, Azərbaycan onu əldə etməkçün daha konkret addımlar atacaq. Bunlar ermənilərin sonuncu şousu olmalıdır. BMT-dən də iddilarına lazımı cavab verildikdən sonra düşünürəm ki, biz nəhayət real sülh danışıqları mərhələsinə daxil olacağıq”.
demokrat.az