"Ermənilərə də öz dillərindən, radio dalğalarından istifadə etmək, mədəniyyətlərini inkişaf etdirmək imkanları yaradılmalıdır"
"Hər zaman bəyan edirik ki, erməni sakinlər də Azərbaycandakı digər milli azlıqlar kimi eyni hüquqlara malikdirlər. Onların siyasi, mədəni və digər hüquqları da bərabər olmalıdır. İndiki halda ləzgilər, talışlar və digər xalqlardan olanlara dillərini öyrənmək, məktəbdə tədris etmək, yerli radio və mətbuatdan istifadə imkanları veririk. Ermənilərə də öz dillərindən, radio dalğalarından istifadə etmək, mədəniyyətlərini inkişaf etdirmək imkanları yaradılmalıdır. Bu, Azərbaycan Konstitusiyasının tələbidir. Burada heç bir şübhə ola bilməz".
Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
"Amma hər bir halda nəzərə almaq lazımdır ki, ermənilər heç vaxt Azərbaycan Konstitusiyasına hörmət etməyiblər. Buna görə də ciddi nəzarət qoyulmalıdır ki, təhsildən, mədəniyyətdən, dini, mədəni imkanlardan istifadə edib siyasi cəhətdən özləri üçün dividendlər əldə etməsinlər. Azərbaycan tərəfi ən yüksək səviyyədə bəyan edib ki, ermənilərin bütün hüquqları müdafiə olunacaq. Buna heç bir şübhə yoxdur. Hətta bizim Konstitusiyamızda milli azlıqlara Fransa dövlətindən daha böyük yer verilib. Fransa Konstitusiyasında belə imkanlar yoxdur. Azərbaycan isə öz tolerant mövqeyini daim sərgiləmədir", - deputat bildirib.
pravda.az