Siyasət 21 Avqust 2023, 16:47 | Baxış sayı: 192
“Ermənilər başa düşür ki, yeni müharibə başlanmaq üzrədir”

“Ərazimizi tərk edənlərin çoxu dərk edirlər ki, ya ərazimizdə Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul edib yaşamalıdırlar, – əgər indiyə qədər Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətməyiblərsə – ya da əcnəbi vətəndaş kimi ərazimizi tərk etməlidirlər. Bu, birmənalıdır”.

Bu sözləri açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

Millət vəkili bu gün Laçın sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ermənistana keçən 60 nəfər Rusiya vətəndaşı olan ermənilərdən söz açıb.

Deputatın fikrincə, görünən odur ki, ermənilər ikinci yolu – torpaqlarımızı tərk etmək yolunu seçiblər:

“Qısası, onlar bizi bəyənmirlər, bizimlə birgə yaşamaq istəmirlər və ərazimizi tərk edib gedirlər. Digərləri də başa düşüb dərk etməlidir ki, əgər Azərbaycan ərazisində yaşayırsansa, buranın torpağından, suyundan, bəhrələnirsənsə, sən Azərbaycan vətəndaşı kimi yaşayıb, Azərbaycan qanunlarına əməl etməlisən. Əks təqdirdə, sən bu ölkədə yaşamaq hüququna malik deyilsən və ərazimizdən çıxıb getməlisən”.

Müsahibimiz bildirib ki, sərhədimizdən çıxan ermənilər getməkdə düzgün yol seçiblər:

“Qoy, bu, o birilərinə də ibrət olsun. Biz onları zorla torpaqlarımızdan çıxarmırıq. Onlar özləri bu seçimi edirlər, yəni vətəndaşımız olmaq və qanunlarımızla yaşamaq istəmirlər, ona görə də ərazilərimizi tərk edirlər. Bu, tam qanunauyğun bir haldır”.

E. Məmmədov xatırladıb ki, burada sıravi vətəndaşlar, siyasətçilər və politoloqlar tərəfindən müxtəlif fikirlər səslənir:

“Onların fikrincə, ermənilər başa düşür ki, yeni müharibə başlanmaq üzrədir və bu təhlükəni hiss edib ərazidən qaçırlar. Doğrudur, bu məsələ də gündəmdə mövcuddur. Çünki orada qalan separatçılar, habelə Ermənistan Silahlı Qüvvələrinin mənsubları dərk etməlidirlər ki, Azərbaycan ərazilərini onlardan təmizləyəcək. 44 günlük Vətən müharibəsinin başa çatmasından 3 il keçib. Bu 3 ildə ermənilər düzgün yol seçmədilər, əksinə, kimlərinsə, daha dəqiq desək, Rusiya, İran, Hindistan və bunlar kimi cinayətkarların köməyi ilə silahlanma, yenidən müharibəyə hazırlaşmaq, Azərbaycana qarşı düşmənçilik və təxribat hərəkətlərini davam etdirmək yolunu seçdilər”.

“Ermənistanın Baş naziri Nikol Paşinyan da dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, hətta erməni nazir rəqəm də səsləndirdi. Yaxşı, əgər sən bizim ərazi bütövlüyümüzü tanıyıb, ona hörmətlə yanaşırsansa, sənin qoşunların mənim ərazimdə nə sülənir? Niyə burada olamlıdır? Niyə çıxarıb rədd etmirsən? Artıq ağlı yerində olan ermənilər dərk edirlər ki, “Dəmir Yumruq” yenidən işə düşmək üzrədir və artıq vaxtı çatıb. Çünki heç bir dövlət qəbul etməz ki, onun ərazisində uzun illərdir yaradılmış cinayətkar bir qurum hələ də mövcuddur və fəaliyyət göstərir. Habelə onun ərazisində xarici dövlətə məxsus silahlı birləşmələr var. Bunu heç bir dövlət qəbul edə bilməz”, – o, əlavə edib.

“Bunlar anlayırlar ki, Azərbaycan heç kimin razılığın almadan beynəlxalq hüquqa və öz Konstitusiyasına əsaslanaraq, ərazilərini bu cinayətkarlardan təmizləyəcək. Ya onlar çıxıb getməlidir, ya da biz hərbi gücümüzü tətbiq edib onları torpaqlarımızdan təmizləməliyik. Bu, artıq dərk olunan bir məsələdir və bunun vaxtı çoxdan çatıb. Məhz buna görə də Rusiya pasportu olanlar, imkanlı ermənilər və digərləri yavaş-yavaş ərazimizi tərk edib gedirlər. Arzu edirik ki, onların sayı daha da çox olsun”, – Milli Məclisin üzvü fikirlərini tamamlayıb.

yenisabah.az

Xəbərlər