Siyasət 19 Sentyabr 2023, 16:41 | Baxış sayı: 71
"Erməni əsilli Azərbaycan vətəndaşları qətiyyən anti-terror tədbirlərində zərər çəkməyəcək, təhlükə altında qalmayacaq"

“Çox təəssüf ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və separatçılar təxribat yolunu seçdilər. Onlar azərbaycanlılara qarşı növbəti terror aktını törətdilər, şəhidlərimiz var. Allah şəhidlərimizə rəhmət etsin. Bu, birinci hal deyil. Mütəmadi olaraq son dövrdə Azərbaycanla atəşkəs pozulurdu, dəfələrlə şərti Azərbaycan-Ermənistan sərhədində, eyni zamanda Rusiyanın sülhməramlı kontingetinin müvəqqəti yerləşdiyi ərazilərdə qanunsuz erməni silahlı birləşmələri azərbaycanlılara qarşı təxribatlar törədir, minatanlardan, ağır silahlardan istifadə edirdilər. Azərbaycan tərəfinin xəbərdarlıq etməsinə baxmayaraq, əməllərindən əl çəkmirdilər. Bugünkü terror hadisəsi isə bütün baş verənlərin kulminasiyası oldu. Bir daha əmin olduq ki, Ermənistan və erməni separatçı dəstələri sülhdən yayınmaq istəyirlər. Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələri tərəfindən separatçılara, erməni quldur dəstələrinə qarşı lokal xarakterli anti-terror tədbirlərinin başlanmasına qərar verildi”. 

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputat bildirib ki, anti-terror tədbirlərində əsas hədəf yalnız quldur dəstələrinin, qanunsuz erməni-silahlı birləşmələrinin zərərsizləşdirilməsi və onlara məxsus hərbi texnikaların məhv edilməsidir: “Dinc əhali qətiyyən bu anti-terror tədbirlərində zərər çəkməyəcək, təhlükə altında qalmayacaq. Azərbaycan bütün humanitar qaydalara, beynəlxalq hüquq və konvensiyalara əməl edərək yalnız və yalnız Silahlı Qüvvələrimiz, eləcə də vətəndaşlarımız üçün təhlükə yaradan qruplaşmaların zərərsizləşdirilməsini həyata keçirir. Azərbaycanın rus sülhməramlı kontingentinə və Türkiyə-Azərbaycan birgə koordinasiya mərkəzinə anti-terror tədbirləri ilə bağlı öncədən məlumat verməsi deməyə imkan verir ki, Azərbaycan bu tədbirləri keçirməkdə tam haqlıdır və məcburdur. Çünki Ermənistan, xüsusilə də separatçılar Azərbaycan ərazilərini minalamaq, atəşkəsi pozmaqla yanaşı Azərbaycan təyyarələrinə də qarşı radiomaneə yaratdı. Bu da nəticə etibarilə təhlükə doğurur. Hər an Azərbaycan təyyarələrinin qəzaya uğraması, mərkəzi idarəetmə stansiyası ilə əlaqəsinin kəsilməsi baş verə bilər. Çox böyük təhlükədir və birbaşa terror hücumu kimi dəyərləndirilir. Bu baxımdan, anti-terror tədbirlərinin keçirilməsi zəruridir. Düşünürəm, lokal tədbirlərdən sonra qanunsuz erməni silahlı dəstələri rus sülhməramlılarının nəzarətində olan ərazilərdən çıxarılacaq, separatçılar Azərbaycan ərazilərini birdəfəlik tərk edəcəklər. Erməni əsilli sakinlər isə Azərbaycan qanunları çərçivəsində yaşamağa, Azərbaycan cəmiyyətinə reinteqrasiyaya cəlb olunacaqlar. Azərbaycan torpaqlarında, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə ediləcək, regionda uzunmüddətli və dayanıqlı sülhə nail olacağıq, birgəyaşayış mümkünləşəcək”. 

pravda.az

Xəbərlər