Siyasət 26 Yanvar 2023, 18:42 | Baxış sayı: 169
"Erkin Qədirlinin açıqlaması düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil"

“Deputat Erkin Qədirlinin Azərbaycan parlamenti və seçkilər haqqında səsləndirdiyi yanlış fikirlər təəssüf doğurur. Parlament seçkilərinin demokratikliyini şübhə altına almaq ən azı xalqın seçdiyi millət vəkillərinə və onların seçicilərinə hörmətsizlikdir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, Milli Məclis Azərbaycan xalqını təmsil edən qanunverici orqandır və xalqımızın iradəsini ifadə edir:

 

"Bu gün parlament ölkəmizin inkişafı, dövlətimizin güclənməsi, müstəqilliyinin möhkəmlənməsi üçün mühüm addımlar atır, eyni zamanda millət vəkilləri insanları düşündürən məsələləri parlament tribunasından səsləndirir. Bütün bunları Erkin Qədirli bilməmiş deyil".

 

Millət vəkili qeyd edib ki, E.Qədirli ölkəmizi Avropa Şurası Parlament Assambleyasında təmsil edən deputatlardan biridir. Hazırda təşkilatın qış sessiyasında iştirak edən bu deputatın məlum açıqlaması düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

 

“Məlumdur ki, Azərbaycan Vətən müharibəsində öz torpaqlarını erməni işğalından azad edib. Hazırda isə diplomatiya, informasiya cəbhəsində müharibə hələ də davam edir. Dünyadakı ermənipərəst qüvvələr Azərbaycanın torpaqlarını azad etməsini həzm edə bilmir və buna görə də müxtəlif vasitələrlə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. E.Qədirli öz açıqlaması ilə həmin qüvvələrin “əlinə oynayır”. Mən hesab edirəm ki, o millət vəkili kimi fikirlərini ifadə edərkən  məsuliyyət hiss etməli, beynəlxalq təşkilatlarda dövlətimizin və xalqımızın maraqlarını müdafiə etməlidir”,- deyə Fatma Yıldırım vurğulayıb.

Xəbərlər