"Erkin Qədirli parlamentdən getmək istəməsə, məsələ böyüyəcək"
Xəbər verdiyimiz kimi, millət vəkili Erkin Qədirlinin Mehman Hüseynovla mini müsahibəsi qalmaqala səbəb olub.
Belə ki, deputata “Mənə Milli Məclisdən bir deputatın adını çəkin ki, həqiqətən də xalqın səsini qazanıb və parlamentdə oturub”, - deyə sual ünvanlanıb. Erkin Qədirli isə “Vallah, heç onu özüm barədə də deyə bilmirəm. Demokratik seçki olsa, onda əminliklə demək olardı. Amma bizdə demokratik seçki yoxdur axı”, - cavabını verib.
Deputat həmkarları Erkin Qədirlinin sözünü birmənalı qarşılamayıblar. Kimisi onun mandatından imtina etməsini, kimisi onun parlament səviyyəsində cəzalandırılmasını istəyib.
Cebhe.info-ya açıqlamasında deputat Elman Nəsirov bildirib ki, Azərbaycan demokratik inkişaf yolu seçmiş ölkədir:
"Ölkəmizdə istənilən addımların atılması hüquqi müstəvidə baş verir. Hüquqdan başqa heç bir addım atılmır. Erkin Qədirli özü də hüquqşünasdır. Hesab edirəm ki, hüquqşünas olaraq onun üzərinə daha böyük məsluliyyət düşür. Bəzi adamlar etiraf edirlər ki, hüquqi bilikləri kasaddır, ola bilsin ki, nəyisə düzgün ifadə etməyib, söz ağzından çıxdı və s. Amma Erkin Qədirli haqqında bunu söyləmək olmaz. Hüquqşünasdır və nə dediyini də yaxşı bilir. O, tənqidə dözməyən ifadə işlədib və bütün deputatların adından danışıb. Bu, artıq hüquqşünas olaraq ona yaraşmır. Düzgün olmayan mövqedir”.
Deputat bildirib ki, Erkin Qədirlinin sözləri "No comment!" dedikləri vəziyyətdir:
"Sual yaranır ki, qeyri-demokratik yolla seçildiyini etiraf edirsənsə, onda sənin bu parlamentdə nə işin var?! Özün də etiraf edirsən. Sual yaranır ki, kimsə demokratik yolla seçilə bilərdi, amma sən onun qələbəsini oğurlamısan. Sən içindəki natamamlıq kompleksində yaşayırsan və deyirsən ki, demokratik yolla seçilməmisən. Bütün həmkarlarını ittiham edib, belə bəyan edirsən. Bu, tamamilə yanlış fikirdir. Özü parlamentdə öz yerini bilmir. Deyir ki, düzgün olmayan yeri tutub. Belə olanda hansı addımı atmaq lazımdır? Ortaya nümunə qoysun".
Deputat hesab edir ki, həmkarı özü bu vəziyyətdən çıxış yolu tapıb, düzgün addım ata bilər:
"Üzrxahlıq edə bilər. Bilirsiniz ki, AŞPA -da ciddi müzakirələr gedir. Məsələn, deyə bilər ki, mən əslində belə demək istəyirdim, belə oldu. Yəni təkzib versin. Amma təsəvvür edin ki, həm üzrxahlıq etmir, həm deyir ki, qanuni yola seçilməmişəm".
Elman Nəsirov bildirib ki, Erkin Qədirli parlamentdən getmək istəməsə, onda bu məsələ böyüyəcək:
"Erkin Qədirli yəqin ki, İntizam komisssiyasına dəvət oluna bilər. Bundan sonra məsələnin necə olacağı müəyyən edilər. Desə ki, düz eləmişəm, əcəb eləmişəm, fikrimdə qalıram, bundan sonra da deyəcəyəm. O zaman bir mənzərə yaranır. Amma desə ki, yorğun olmuşam, iclasdan çıxmışam və s. Bu zaman fərqli mənzərə yaranacaq. Mən İntizam komissiyasının üzvü deyiləm, Amma mənə elə gəlir ki, çox ciddi tənqid oluna bilər. Sözünün üstündə dayansa, hamını yenə ittiham eləsə, belə olan vəziyyətdə istisna deyil ki, onun haqqında ən sərt tədbirlər görülə bilər. İnanmıram ki, məsələ mandatının əlindən alınmasınadək gəlib çıxa. Töhmət də verilə bilər. Hər şey komissiyaya dəvət alacağı təqdirdə özünün davranışından asılı olacaq. Erkin Qədirlinin dedikləri minlərlə seçicinin seçiminə hörmətsizikdir, onları təhqir etməkdir".