Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 17:32 | Baxış sayı: 258
"Elə nazirliklərin şöbə müdirləri elə maşında gəzirlər ki..."

Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli parlamentin avtomobil parkının yenilənməsini və əməkdaşlar üçün mənzillərin tikilməsini təklif edib.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası “Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı belə bir təkliflə çıxış edib.
T. Kərimli deyib ki, bu yaxınlarda təsadüfən bir nəfər rəhbər şəxsin maşınında olub: “Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu dövlətin ali qurumudur. Elə nazirliklərin şöbə müdirləri elə maşında gəzirlər ki... Milli Məclisin işçiləri xarici qonaqların qarşısına çıxır. Maliyyə Nazirliyi və hökumətdən xahiş edirəm, Milli Məclisin bu məsələlərinə diqqət yetirsinlər. Deməli, bizim rəhbərliyimiz həyalıdır, sizdən tələb etmir deyə buna diqqət ayrılmamalıdırmı?! Bizim rəhbərliyimiz həyalıdıır deyə belə münasibət göstərmək olmaz”.
Deputatın bu təklifləri Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən sərt etirazla qarşılanıb. O, deyib ki, Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur: "Siz maşın söhbətini burda qaldırırsınız. Niyə belə narahatsınız? Bizim heç bir narahatçılığımız yoxdur".
Spiker vurğulayıb ki, keçən il bizim müharibəmiz oldu: “Biz bu il Zəfərin birinci ildönümünü qeyd etdik və zəfər ilinin büdcəsi haqqında danışırıq. Bizim bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var. İnşallah, onlar Qarabağa, öz yurdlarına qayıdarlar. Qaçqın və məcburi köçkünlərimiz öz yurdlarına yerləşəndən sonra danışarıq”.

Xəbərlər