"Elə bilirsən, zəlzələ olub - yollar dalğavari şəkildə, maşınlar atılıb-düşür..."
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ləğv edilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə verilməsi, şübhəsiz ki, bürokratiyanı azaldar, idarəetmə sahəsində asanlıq yaradar. Amma bunun keyfiyyət effekti nə olacaq, bilmirəm. O qədər ümidimiz qırılıb ki. Bir neçə gün öncə deputat yoldaşlarla rayona gedərkən bu məsələni müzakirə etdik. Təsəvvür edin, Bakıdan bir qədər aralandıqdan sonra elə bilirsən ki, zəlzələ olub - yollar dalğavari şəkildə, maşınlar atılıb-düşür... Bundan başqa, asfaltda ayırıcı zolaqların - nişanlanma xətlərinin çoxu yoxdur. Məsələn, az qala Bakıdan Sumqayıta qədər sarı zolaqlar qoyublar. Bəs bu sürücülər maşını harada saxlasınlar? Dərhal da cərimə edirlər. Belə şeylər yaramaz...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, təkliflər verirsən, bəzən yeni orqanlar, təşkilatlar, xidmətlər yaradılır: “Amma görürsən, heç nə dəyişmir ki dəyişmir. Məsələn, əvvəl bir Səhiyyə Nazirliyi var idi, indi bu sahədə fəaliyyət göstərən bir neçə qurum var. TƏBİB, İcbari Tibbi Sığorta... Bəs nə qazanılır? Mənə verilən məlumata görə, Travmotologiya İnstitutu Səhiyyə Nazirliyinin tabeliyindədir, amma təchizat işinə TƏBİB baxır. TƏBİB də “vəsaitim yoxdur”, “imkanım yoxdur” deyir. O boyda Travmotologiya İnstitutunun təchizatı zəif vəziyyətdə ortada qalıb. Belə olanda kim ziyan çəkir? Əhali! Tibbi xidmətin də səviyyəsi aşağı olur və sair... Ona görə də parçalanmaların aradan qalxmasını istərdim. Elə səhiyyə sistemində də vahid orqanın yaradılmasını tələb edirəm. Millət bu parçalanmalardan bezib. Əlbəttə, bu nöqteyi-nəzərdən nəqliyyat infrastrukturunun da birləşdirilməsi vacib məsələdir. Amma çox ciddi kadr təminatı, məsuliyyətli, həyatını bu sahəyə həsr edən insanlar lazımdır. Düşünürəm, bu istiqamətdə addımlar atılsa, bəlkə, effekt verər”.
T.Kərimli hesab edir ki, camaat çox incik salınır: “Bunu qurtarmaq lazımdır. Elə bir sistem seçilməlidir ki, həyatın bütün sahələrini əhatə etsin, vətəndaşlarda məmnunluq olsun, vətəndaş az əziyyət çəksin. Məsələ təkcə yol qaydaları deyil, həyat şəraitini yaxşılaşdırmalıyıq. Ay bahalıq, inflyasiya yaransın, vətəndaşa iş yeri olmasın, xəstəsini müalicə etdirə, övladını evləndirə bilməsin. Axı bu insanların içində nə qədər əsəbilik yaranır, əsəbilikdən də cürbəcür xəstəliklər törəyir. Bütün bunların sırasında yolların da bərbadlığı məni narahat edir. Vaxtilə bu yolların çəkilməsi üçün milyonlar qoyulub. Doğrudur, müəyyən qədər müstəqilliyin ilk illərinə nisbətən indi yollar yaxşıdır, rahat gedilib-gəlinir. Amma yenə də ciddi şəkildə heç olmasa yolların təmiri ilə məşğul olunmalı, infrastruktur doğru-düzgün tərtib edilməlidir. Asfalt zolaqlarının keyfiyyətli çəkilməsi də çox vacib məsələdir...”