"Ehtiyat hissələrini gətirib burada avtomobil yığanlara vergi güzəşti edilməməlidir"
“Vergi Məcəlləsində təklif edilən dəyişikliyi yeni iş yerlərinin açılacağı ilə əsaslandırırlar. Tutaq ki, bu addım Azərbaycanda avtomobil sənayesini inkişaf etdirmək məqsədi ilə atılır və sair. Amma əvvəlcə ayırd etmək lazımdır ki, Azərbaycanda avtomobil istehsal olunmur, avtomobillər xarici ölkədən gətirilib, burada yığılır”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, buna avtomobil istehsalı demək üçün ehtiyat hissələrinin heç olmasa 30 faizinin bu ölkədə istehsal olunmalıdır: “Yoxsa avtomobilin salonu, mühərriki, təkəri gətirilir, qapıları bağlanır, bu da olur avtomobil istehsalı. Ona görə ki, ehtiyat hissələri gətirilib burada yığılanda sahibkara ucuz başa gəlir və böyük pullar qazanılır. Bu qanunun əsaslandırılması, əslində, belə olmalıdır ki, qanun proteksionizm xarakteri daşıyır və həmin sahə ilə məşğul olanlara əlavə pul qazanmaq məqsədi güdülür. Məsələn, Azərbaycanda idxal, onsuz da, ildən-ilə artır. Tutaq ki soyuducu, kondisioner, yaxud digər sənaye məhsulunun istehsalı avtomobil istehsalından az əhəmiyyətlidir? Ona görə də ayrılıqda götürülmüş bu sahə üçün bu cür güzəştin nəzərdə tutulmasını doğru hesab eləmirəm. Əlbəttə, müdafiə sənayesində hansısa məhsulların istehsalına görə belə güzəştlər nəzərdə tutularsa, bu, başadüşülən olar. Mən istəyərdim ki, biz, Azərbaycanda avtomobilləri yığmayaq, həqiqətən də avtomobil istehsal edək. Ona görə də mən, vaxtilə də təklif etmişdim ki, Naxçıvan Muxtar Respublikasını minik avtomobilləri, Gəncəni isə yük və kənd təsərrüfatı maşınları, traktorlar istehsal edən mərkəzə çevirməliyik. Amma bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə müqavilələr bağlamaq lazım idi. Biz isə Neftçalada İranla birlikdə bir müəssisə açdıq. Mən o vaxt da söyləmişdim ki, axı İranda bu sahə inkişaf etməyib. Onun istehsal etdiyi avtomobillərin keyfiyyəti olduqca aşağıdır. Bəzi dövlət müəssisələrini məcbur edirlər ki, oradan avtomobil alsınlar. Onlar da alıb gətirirlər, qısa müddətdən sonra həmin avtomobillər sıradan çıxır. Beləliklə də, dövlət vəsaiti səmərəsiz istifadə edilmiş olur. Bəlkə də daha doğru olardı ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu sahədə araşdırma aparsın, məlumat versin. Ümumiyyətlə, Azərbaycanda sənaye məhsulları istehsal edən, yeni qanun qüvvəyə minəndən sonra yaradılan bütün müəssisələr, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələr 5 il müddətinə tutaq ki, vergilərdən azad olunsun. Bu, investisiya cəlbinə töhfə vermiş olar, insanlar da vəsaitlərini xaricə çıxarmaz, ölkəyə yatırarlar. Xarici investorlar da Azərbaycana gələr. Ona görə də mən hesab edirəm ki, avtomobil ehtiyat hissələrini gətirib burada yığan adamlara belə güzəştlərin nəzərdə tutulması yolverilməzdir. Həm də o mənada yolverilməzdir ki, bundan böyük pullar qazanırlar. Bizim isə hazırda vəsaitə ehtiyacımız var. Qarabağ bərpa olunur, Azərbaycanda bir çox problemlərin həlli üçün dövlətin vəsaitə ehtiyacı var”