Siyasət 17 Mart 2023, 16:55 | Baxış sayı: 111
“Düşünürəm, növbəti görüşdə Prezidentimiz bu məsələləri Rusiya rəhbərliyi qarşısında çox ciddi şəkildə qoyacaq”

“Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşlər davam edəcək, etməlidir. Çünki bu gün bölgədə xarici qüvvələr içində əsas söz sahibi hələlik Rusiya dövlətidir. Güc də onun tərəfindədir. Ona görə də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan rəhbərlərinin görüşləri davam etdirilməlidir. Lakin effektiv nəticəsi olmalıdır. 10 noyabr 2020-ci ildən görün nə qədər vaxt keçib. İmzalanmış sənədin bəndləri yalnız Azərbaycan tərəfindən icra olunub. Nə Rusiya öhdəsinə götürdüyünü yerinə yetirib, nə də Ermənistan. Rusiya hərbi kontingenti Azərbaycan ərazisinə daxil olmaqla paralel, eyni zamanda Ermənistana məxsus qeyri-qanuni silahlı birləşmələri də ərazilərimizdən çıxaracaqdı. Ediblər? Xeyr…”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elman Məmmədov Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini şərh edərkən deyib.

 

Deputat xatırladıb ki, Rus sülhməramlılarının müəyyən öhdəlikləri var: “Laçın yolunda hərəkətin təhlükəsizliyini təmin etməli idilər. Lakin onlar gəldikləri gündən bəri nə işlə məşğuldurlar? Keçmiş SSRİ dövründə olan “Dağlıq” Qarabağ muxtar vilayətinin bütün ərazisini nəzarətə götürüblər. Axı sənəddə belə bir şey yoxdur, onlara bu hüququ heç kim verməmişdi. Gəlib həmin əraziləri özününküləşdirib, ağalıq edirlər. Gəldikləri gündən kimlərlə əməkdaşlıq etməyə başladılar? Bu gün o əməkdaşlıq daha qabarıq şəkildə özünü göstərir. Ərazimizdə 30 ildən çoxdur, kök salmış seperatçılarla, onlara məxsus müəyyən qurumlarla, işğalçılarla, cinayətkarlarla... Axı bu, vasitəçilikdə yaramaz bir mövqedir. Görürsünüz ki, bu günlərdə də hansı hərəkətlərlə məşğuldurlar. Açıq-aşkar Azərbaycana qarşı meydan sulayırlar. Alternativ yolla ermənilərə silah daşıyırlar. Laçının Turşsu qəsəbəsində SSRİ bayrağı qaldırıblar. Ağıllarına gələni edirlər.  Xocalının içində hava livanı zonasında özlərinə kilsə tikdilər, rus sərkərdələrinin heykəllərini qoydular. Daha nə etmədilər? Əgər Rusiya vasitəçiliyini bu cür davam etdirəcəksə, belə vasitəçilik bizə lazım deyil. Bu, ermənilərə lazım olan vasitəçilikdir. Bu günlərdə Nikol Paşinyanın dediyi fikir də gündəmdədir. “Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı Rusiyadır...” Bunu Paşinyan bəyan etdi. Belə çıxır ki, Rusiyanın “sülhməramlı” adı ilə Qarabağa göndərdiyi kontingentin gəlməkdə yeganə məqsədi bizim ərazimizdə yaşayan erməniləri, separatçıları, cinayətkarları müdafiə etməkdir. Vasitəçilik tərəfsiz olmalıdır. Vasitəçi üzərinə düşən öhdəliyi, missiyanı yerinə yetirməlidir. Yoxsa gəlib bizim torpağımızda özbaşınalıq etmək, Azərbaycan qanunlarını pozmaq, ərazi bütövlüyünə xələl gətirmək, torpaqlarımızda kök salmış cinayətkarlarla əlbir olub, Azərbaycana qarşı çıxmaq, təbii ki, yaramazdır. Düşünürəm, növbəti görüşdə cənab Prezidentimiz bu məsələləri Rusiya rəhbərliyi qarşısında çox ciddi şəkildə qoyacaq”.

Xəbərlər