Siyasət 19 Aprel 2023, 14:56 | Baxış sayı: 163
"Düşünürdük ki, ermənilərlə birgəyaşayış alınacaq"

"Ermənistan dövlət rəhbərliyinin, hökumət təmsilçilərinin iştirak etdiyi açılış mərasimində Azərbaycanın üçrəngi bayrağına qarşı həqarətin olması yolverilməzdir".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib. 

Deputat bildirib ki, bu addım radikal, davakar, şovinist ermənilərin sakitləşdirilməsi üçün atılmış bir addımdır:

"Əgər ermənilər idmanı siyasiləşdirməsəydilər və idmançılarımızı normal qarşılasaydılar, deyərdik ki, erməni cəmiyyəti tolerantdır, sivildir. Hətta, artıq birgəyaşayışa hazırdılar. Düşünürdük ki, nəinki Xankəndi və ətrafda, bütövlükdə regionda ermənilərlə birgəyaşayış alınacaq və bu yolla kommunikasiyaların açılması mümkün olacaqdır. Yəni, görün bir idman tədbiri üzərində nə qədər imkanlar ortada idi, ancaq ermənilər hamısına zərbə vurdular. 

O cür hərəkət erməni cəmiyyətində Azərbaycana qarşı hökm sürən nifrətin göstəricisidir. İdman oyunları ətrafında bu cür siyasi oyunların, isterikaların, kampaniyaların qurulması Ermənistana baş ucalığa gətirmir. Erməni cəmiyyəti öz ziyanlarına olan təcavüzkarlıq mövqeyinin libasları altında gizlənsələr də, əlverişli mühit olan kimi zərbə vurmaq haqqında düşünürlər. 
Qeyd edim ki, Azərbaycan bayrağı heç bir qüvvənin əliylə yerə salına bilməz. Onun simvolları ucadır, müqəddəsdir. Millətimizin, dövlətimizin, şəhidlərimizin libasıdır, pasportudur".

Xəbərlər