Cəmiyyət, İqtisadiyyat 26 Noyabr 2021, 15:32 | Baxış sayı: 122
"“Dərman vasitələri haqqında” qanunda boşluq var. Bu barədə söhbətlər edirik və işlər gedir".

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov səhiyyə sahəsində görülmüş işlər və qarşıda duran problemlərin həlli ilə bağlı Modern.az-ın suallarını cavablandırıb:

- Əhliman müəllim, artıq il başa çatır. Səhiyyə komitəsinin rəhbəri olaraq, 2021-ci ildə səhiyyə sisteminə ayrılan vəsaitin həcmi, eyni zamanda, xərclənməsində sizi qane edən və etməyən tərəflər nədən ibarətdir?

- Əvvəla bildirim ki, bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Ölkəmizdə son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyənin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub.

Hesab edirəm ki, büdcənin səhiyyə xərclərilə bağlı vəsaiti ildən-ilə artır. Son 5 ilə nəzər salsaq, büdcədə səhiyyəyə 2.5 dəfə artıq vəsait qoyulub. Bu çox yaxşı bir göstəricidir və əminəm ki, getdikcə də artacaq. Ancaq bütövlükdə götürəndə, yenə də bu xərclər yetərli deyil. Əhaliyə çox yüksək səviyyəli tibbi xidmət üçün bu vəsasit bəzən yetmir. Müstəqilliyimizin ilk büdcəsidir ki, səhiyyə xərclərinin xüsusi çəkisi 6% faizə çatıb. Ümumi Daxili Məhsulun xüsusi çəkisi isə 2,5% olub.

- Səhiyyə büdəcəsinin artırılması yoxsa azalması yaxşıdır? Səhiyyə büdcəsinin artması xəstələrin artması anlamına gəlmirmi? Dünyada və bizdə vəziyyət necədir?

- Səhiyyə büdcəsi təkcə xəstələrin müalicəsi üçün nəzərdə tutulmur. Böyük profilaktik tədbirlərin keçirilməsi üçün də xərclənir. Xəstəliklərin qarşısının alınması üçün xüsusi tədbirlər görülür ki, insanlar xəstələnməsin. Bu səbəbdən də xəstəliyə qarşı əvvəlcədən profilaktik tədbirlər görülür. Hər halda səhiyyəyə qoyulan vəsaitin artması, şübhəsiz ki, müsbət haldır. İcbari tibbi sığortaya ayrılan vəsait bütün büdcənin 63% ni təşkil edir. Dövlət bir çox insanların icbari tibbi sığorta haqqını öz üzərinə götürür. Həmin insanlar əlillər, şəhid ailələri, tələbələr, şagirdlər, hamilə qadınlar, təqaüddə olan şəxslər, bir sözlə cəmiyyətin böyük hissəsinin tibbi xərcini ölkə öz üzərinə götürür. Ölkədə İcbari Tibbi Sığorta Fondu yaradılıb, biz ona hər ay vəsait ödəyirik.

- Qeyd etdiniz ki, profilaktik tədbirlər görülür. Bu profilaktik tədbirlərin xeyri varmı? Xəstəliklərdə azalma müşahidə olunurmu?

- Elə xəstəliklər var ki, onların sayı azalır. Elələri də var ki, bütün dünyada həmin xəstəliyə qarşı mübarizə aparılır, ancaq artım davam edir. Bu xəstəliklər ürək, xərçəng və vərəm kimi patalogiyalardır ki, bütün dünyada olduğu kimi, bizdə də artım müşahidə olunur. COVID-i nəzərə almasaq, görülən tədbirlər nəticəsində bəzi viruslar ya aradan qaldırılıb, ya da kökü tamamilə kəsilib. Qızılca, malyariya kimi xəstliklər koronavirusdan əvvəl görülən profilaktik tədbirlər nəticəsində yox olmağa başlamışdı.

- Son 2 il yarımda gözlənilmədən qarşımıza COVID-19 çıxdı. Bu, səhiyyə büdcəsinin nə qədərini əlimizdən aldı və almaqda davam edir? İnsanlar arasında ikinici, üçüncü dalğa adlandırılan tendensiyalar var. “Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts son açıqlamasında pandemiyanın başa çatması ilə bağlı proqnoz verdi. Siz hazırda vəziyyəti necə qiymətləndirirsinizz?

- Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi və qayğısı ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başladı. Ölkəmizdə pandemiya ilə əlaqədar 48 xəstəxana yaradılıb, onlardan 14-ü yeni inşa olunmuş modul tipli xəstəxanalardır.

Pandemiya ilə mübarizə üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bilavasitə bu xəstəliyin profilaktikası və müalicəsi ilə məşğul olunmağa başlanıldı. Tək səhiyyə sahəsində yox, bütün sahələrdə kompleks tədbirlər həyata keçirildi. COVID bütün dünya səhiyyəsini olduğu kimi, bizim səhiyyəni də qəfil yaxaladı. Heç bir ölkə COVID-19 pandemiyasına hazır deyildi. Buna baxmayaraq, ilk günlərdən ölkədə COVID-a qarşı ilk tədbirlər görüldü. COVID pandemiyası başlayana qədər son illlər cənab Prezidentin qayğısı nəticəsində müasir tələblərə cavab verən xəstəxana və klinikalar inşa olunub istifadəyə verilib. Bu klinikalar Tibb Universitetinin klinikaları, Mərkəzi Gömrük Hospitalı, Mərkəzi Nefçilər Xəstəxanası, Bakı Sağlamlıq Mərkəzi, “Yeni Klinika” və s.dir. Pandemiyanın pik həddində səhiyyə sisteminə müəyyən təzyiqlər oldu, amma səhiyyə bu təzyiqlərə davam gərtirdi və heç bir xəstə müalicədən kənarda qalmadı.

- Dünyanın fərqli ölkələrində insanların xəstəliyə münasibəti də fərqlidir. Bəs bizdə ümumi fikir necədir?

- Elə insanlar var ki, xəstəliyə, peyvəndə və müalicəyə ciddi yanaşmırlar. Həkimlər belə var ki, bu xəstəliyin ciddi olmadığı barədə fikirlər söyləyirlər. Xəstəliyi siyasətə və başqa məsələlərə qatırlar. Bu gün ölkəmizdə vaksin və başqa məsələlərlə bağlı heç bir problemimiz yoxdur. Bəzən vaksinlərlə bağlı yanlış məlumatlar oxuyuram, amma onlar heç biri həqiqəti əks etdirmir. Hesab edirəm ki, vaksin vurdurmayanlar olduqca, pandemiya davam edəcək.

- Əhali arasında icbari tibbi sığortanın tətbiqilə bağlı fərqli fikirlər var. Razı olanlar, olmayanlar, növbə gözləyənlər... Hətta sığorta ilə bağlı bəzi məqamlarda narazılıqlar yaranır. Ümumi durumu necə qiymətləndirirsiniz?

- Ölkədə icbari tibbi sığortanın həyata keçirilməsi üçün uzun müddət tələb olundu. Pilot layihələr həyata keçirildi, dünya ölkələrinin təcrübələri öyrənildi. COVID, icbari tibbi sığortanın həyata keçirilməsi ilə üst-üstə düşdüyü üçün gecikmələr oldu. Ancaq hazırda icbari tibbi sığorta həyata keçirilir, şübhəsiz ki, müəyyən problemlər olur. Fondda vəsait artdıqca, bütün problemlər aradan qaldırılacaq. Bölgədən seçilmiş bir deputat kimi deyə bilərəm ki, icbari sığortanın tətbiqi ilə əlaqədar insanlar arasında böyük bir məmnunluq var.

- Dərman preparatları ilə bağlı müəyyən problemlər olur. Əhalinin bir qismi dərman preparatlarının tərkibindən narazılıq edir. Eyni zamanda, dərmanların qiymətilə bağlı da narazılıq var. Bu məsələlərin həlli üçün hansı addımlar atıla bilər? Bəzən deyirlər ki, ölkəmizdəki dərmanların keyfiyyətində problem var. Düşünənlər var ki, buradan yox, Türkiyədən aldığı dərman daha təsiredici və ucuzdur.

- “Dərman vasitələri haqqında” qanunda boşluq var. Bu barədə söhbətlər edirik və işlər gedir. Biz də Milli Məclisin Səhiyyə komitəsi olaraq Səhiyyə Nazirliyi ilə bir yerdə ciddi işlər aparırıq. Bir çox bürokratik əngəllər aradan götürülməlidir. Dərmanların qiymətlərinə nəzarəti isə Tarif Şurası həyata keçirir. Sizinlə tamamilə razıyam ki, eyni dərman preparatı Türkiyə ilə müqayisədə bizdə bir neçə dəfə bahadır. Ona görə biz xaricə getdikdə hərəmizə böyük bir siyahı verirlər ki, Türkiyədən dərman alaq. Bunun əsas səbəbi Türkiyədəki dərmanların keyfiyyəti və bizim ölkəyə nisbətdə daha ucuz olmasıdır. Cənab Prezidentin göstərişi ilə dərmanlarla bağlı çox ciddi yoxlamalar aparılıb, qiymətlərin tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Çox təəssüf ki, hazırda həm qiymətdə, həm keyfiyyətdə bu qaydaların pozulduğunun şahidi oluruq. Mən düşünürəm ki, “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər olacaq. Məndə olan məlumata görə, Səhiyyə Nazirliyində bu istiqamətdə ciddi işlər aparılır. Dərman vasitələrinin ölkəyə gətirilməsi və nəzarəti Səhiyyə Nazirliyi və müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir. Ona görə ölkəyə qeydiyyatdan keçməmiş, keyfiyyəti yoxlanmamış heç bir dərman preparatı daxil ola bilməz. Dərmanlar birinci nəzarətdən, yoxlanışdan keçir, ölkəyə gətirilməsinə icazə verildikdən sonra alınır. Bir sözlə, dərman siyasəti bütövlükdə Səhiyyə Nazirliyinin tabeliyindədir. Biz də onlarla qanunvercilik barədə daima söhbətlər aparırıq. Çox güman ki, bu mövzuda parlament dinləməsinin keçirilməsi məsələsini Səhiyyə komitəsinin iclasında müzakirə edəcəyik.

- 2021-ci ilin səhiyyəyə ayrılan büdcəsini və xərclənməsini müzakirə etdik. Maraqlıdır, 2022-ci ildə səhiyyə sahəsinə ayrılan büdcə nə vəd edir?

- Bütövlükdə, 2022-ci ildə səhiyyə büdcəsində olan artım bir az öncə qeyd etdiyim problemlərin həllində yardımçı olacaq. Maliyyənin artması insanlarımıza olan tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək, İcbari tibbi sığortadakı növbələri azaldacaq, İcbari tibbi sığortada xidmətlər zərfinə daxil olan xidmətlərin sayı artırılacaq. Səhiyyənin bir çox problemləri maliyyə ilə bağlıdır. Buna görə də maliyyənin artması bütövlükdə səhiyyə sistemini gücləndirəcək.

- Belə bir məlumat var ki, Azərbaycan-Türkiyə Universiteti yaradılır. Hansı ki, bu ali təhsil ocağı tibb və mühəndislik ixtisasları üzrə tələbələr qəbul edəcək. Bu barədə fikirləriniz maraqlıdır…

- Məndə ayrıca bir universitetin yaradılması barədə məlumat yoxdur. Amma mən bilirəm ki, Azərbaycanın mövcud olan universitetləri Türkiyənin bir çox universitetlərilə çox geniş əlaqələr yaradır. Hətta ikili diplom verilməsi ilə bağlı müqavilələr imzalanır. Bilirəm ki, bu istiqamətdə ciddi işlər gedir.

Xəbərlər