"Dərman çatışmazlığı var, qiymət məsələsi də narazılıq yaradır"
TƏBİB-lə danışıqlar aparılmalı, qazilər və şəhid ailələri üçün ambulator müalicə zamanı dərmanlar pulsuz olmalıdır.
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslonov Milli Məclisin səhiyyə komitəsinin “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
“Bu, ciddi xərc tələb edir, doğrudur, amma bu istiqamətdə ilkin olaraq, şəhid ailələri və qazilər üçün, sonrakı dönəmdə əlillər və təqaüddə olan insanlar üçün bu addımı atmaq olar”, - o, əlavə edib.
Deputat ölkədəki dərman çatışmazlığı məsələsinə də toxunub: “Hazırda ölkədə dərman çatışmazlığı var, bəzən dərmanların keyfiyyəti məsələsi gündəm olur, şikayətlər olur. Həmçinin dərmanların qiyməti məsələsi də narazılıq yaradır. Dünən mən görüşdə idim, orada məhz bu məsələ ilə bağlı müraciətlər oldu. Hesab edirəm ki, bütün bu hallar nəzərə alınmalıdır”.