Siyasət 21 Aprel 2023, 18:42 | Baxış sayı: 170
"Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun daha da gücləndiyini qeyd edib"

"Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradır."
Bu fikirləri "Atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O, əlavə edib ki, bütün bu görülən işlər Azərbaycanın hazırda 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olmasından xəbər verir:
"Ölkə rəhbəri Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı bildirmişdir ki: “Mən Azərbaycanın bölgələrinə tez-tez səfərlər edirəm. Bildiyiniz kimi, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfərləri çərçivəsində bir sıra sosial-iqtisadi obyektlərin istifadəyə verilməsi, bəzilərində isə yaradılan şəraitlə tanışlıq ölkə rəhbərinin bölgələrdə quruculluq işlərini diqqətdə saxlamasının bariz ifadəsidir. Dövlətimizin başçısı müsahibəsində Neftçala və Salyan rayonlarında Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi və elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzinin istifadəyə verilməsini sosial siyasətin uğurla icra olunmasının bariz nümunəsi, Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışını, eyni zamanda, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışını isə ölkəmizin dinamik şəkildə inkişafının göstəricisi kimi qiymətləndirib.
Prezident İlham Əliyev müsahibəsində işğaldan azad olunan ərazilərdə–Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işləri barədə də fikirlərini diqqətə çatdırıb: “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün...”.
Dövlət başçımız xatırlatdı ki, biz 2020-ci ilin payızında düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik: “Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını göstərdik, öz hərbi potensialımızı göstərdik”.
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun daha da gücləndiyini qeyd edib: “Bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış Azərbaycan Ordusundan qat-qat güclüdür”. Son iki ildə Azərbaycan Ordusunda həyata keçirilən islahatlara nəzər salsaq, ordumuzun həm döyüş hazırlığının, həm də maddi-texniki təminatının daha da yaxşılaşması istiqamətində ciddi addımların atıldığını görərik.
Məlum olduğu kimi, Vətən müharibəsindən keçən iki il yarım ərzində Ermənistan və ona dəstək verən ölkələr bizim iradəmizi, gücümüzü əyani şəkildə görüblər."- Deputat deyib

Xəbərlər