Plenar iclaslar 24 İyun 2023, 15:46 | Baxış sayı: 200
""Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi ölkəmizin iqtisadi tarixində mühüm hadisədir"

“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iki ildən çox müddətdə müxtəlif qurumlarla razılaşmadan keçirərək dövlət rəhbərinə təqdim etdiyi "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi ölkəmizin iqtisadi tarixində mühüm hadisədir".

“Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin iyunun 24-də keçirilən növbədənkənar sessiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Məmməd Abbasbəylinin rəhbərlik etdiyi qurum cəmiyyətə və bütün müraciət edənlərə açıqdır, səmimi ünsiyyətə və peşəkar çalışmalara qadirdir, süni bürokratik zirehdən kənarda konfliktlərin toqquşduğu mürəkkəb sahənin fəaliyyətini uğurla təşkil edirlər:

"Yeni qanun layihəsi ölkəmizdə iqtisadi islahatların ən çox gözlənilən, ətrafında müxtəlif daxili və beynəlxalq təşkilatların müzakirə apardıqları ümummilli məsələyə həsr olunub. Dövlət büdcəsinin dörddə birini təşkil edən satınalmaların ümumi maliyyə tutumunun 7 milyard manata yaxın olması o deməkdir ki, nəinki inhisara qarşı, eləcə də büdcənin xərclənməsində getdikcə artan ictimai nəzarət, xalqın qarşısında hesabatlılıq və aşkarlıq, o cümlədən korrupsiyanın azaldılması və qənaətli, effektiv xərclənmələrin həyata keçirilməsi son illərin nailiyyətləri hesab oluna bilər".

Komitə sədri söyləyib ki, satınalma prosesinin elektronlaşdırılması məlumatlara əlçatanlıq yaratdığı üçün minlərlə müəssisə, firma, təşkilat üçün yeni fürsətlər açılıb və rəqabət mühitini genişləndirib:

“Ölkəmizdə güclü sahibkarlıq subyektlərinin sayı və coğrafiyasının böyüməsinə şərait yaranıb. Ötən on illərdə kağız daşıyıcılarda əksər hallarda hansı metodun tətbiqindən asılı olmayaraq, istər tender, istərsə də kotirovkaların formal xarakter daşıması müxtəlif nazirliklərin ətrafında qurulan və dövlət büdcə vəsaitlərinin yaxın şirkətlər vasitəsilə talanmasının indi xeyli dərəcədə qarşısının alınması inkar olunmaz faktdır.

Hazırda bütün satınalma subyektləri, başda Prezident Administrasiyasından, Milli Məclisdən ucqar əyalətlərdə adi xidmət təşkilatlarına qədər, onların əməliyyatlarını elektron sistemlərdə izləmək, iştirak etmək və formalaşan obyektiv məlumat-data bazası əsasında satınalma siyasətinə dair hərtərəfli təhlillər aparmaq mümkündür. O da faktdır ki, rəqabət mühiti şəffaflıq və himayəsiz qurumların bərabər imkanlar qazanmasına şərait yaratdığı kimi, eyni zamanda öhdəlikləri yerinə yetirmək imkanları olmayan iddiaçıların da satınalmalarda qalib olması riskini də artırıb. Hesablama Palatasının rəyində də deyilir ki, belə hallarda dövlət satınalmaları ləngiyir, təqdim edilən malların (işlər və xidmətlərin) keyfiyyəti aşağı düşür, bəzən qalib iddiaçının ümumiyyətlə müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən imtinası ilə bağlı risklərə yol açır”.

Xəbərlər