KOMİTƏ İCLASLARI, Cəmiyyət, İqtisadiyyat 1 Noyabr 2021, 18:32 | Baxış sayı: 255
Dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumu dəyişdirilir.

Modern.az-ın verdiyi məlumata görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 1 noyabrda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla bağlı dövlət rüsumu Bakı şəhərində 110 manatdan 150 manata, digər şəhər və rayonlarda 44 manatdan 50 manata qaldırılır.

Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumunun məbləği Bakı şəhərində 55 manatdan 60 manata, digər şəhər və rayonlarda 22 manatdan 25 manata qaldırılır.

Eyni zamanda ipoteka kağızının dövlət qeydiyyatı üçün dövlət rüsumu 5 manatdan 10 manata, ipoteka kağızının əlavə dövlət qeydiyyatı üçün dövlət rüsumu 2 manatdan 4 manata, ipoteka hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi üçün isə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması təklif olunur.

Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif edilib.

Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.

Xəbərlər