Cəmiyyət 5 Sentyabr 2022, 13:37 | Baxış sayı: 200
"Dövlət özəl bağçalara nəzarəti gücləndirməlidir".

““Mehnur” loqopedik reabilitasiya mərkəzində uşaqlara qarşı törədilən hadisə insanlığa yaraşmamaqla yanaşı, həm də cinayətdir. Fiziki və əqli qüsuru olan uşaqlara qarşı yönəlmiş bu vəhşiliyi törədənlər qanunun ən sərt maddəsi ilə cəzalanmalıdırlar. Bu hadisənin baş verməsi özəl bağçalara dövlət nəzarətinin gücləndirilməsi lazım olduğunu bir daha gündəmə gətirdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

Deputat bildirib ki, özəl və dövlət müəssisəsi olmasına baxmayaraq, hər bir təşkilat qanun qarşısında eyni məsuliyyəti daşıyır: “Özəl bağçaların rəhbərlərini belə hadisələrin baş verməməsi üçün daha məsuliyyətli olmağa çağırıram. İşçiləri işə qəbul edərkən onlar barəsində ətraflı araşdırma aparılmalı, psixoloji testdən keçirilməli, psixoloqlar tərəfindən yoxlanılmalı, müayinə olunmalıdırlar. Bu gün öz işini düzgün quran və çox gözəl fəaliyyət göstərən özəl bağçalarımız da var. Belə hadisələrə görə onların fəaliyyətini qınamaq, gözdən salmaq ədalətsizlik olar. “Mehnur”da baş verən hadisə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq tərəfindən araşdırılır. Yəqin ki, bu hadisəni törədənlər, törədilməsində günahı olanlar layiqli cəzalarını alacaqlar”.

Xəbərlər