KOMİTƏ İCLASLARI 20 İyun 2022, 14:04 | Baxış sayı: 18
Dövlət büdcəsində neftin qiymətinin 85 dollar nəzərdə tutulması təklif edilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclası başlayıb.

APA-nın xəbərinə görə, iclasda parlamentin komitələrinin üzvləri, hökumət nümayəndələri iştirak edir.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

5. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

9. “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

10. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır. Beləliklə, 2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə (26 816 milyon manat) nisbətən 2381,8 milyon manat və ya 8,9 faiz çoxdur. 2022-ci ilə yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin 53,2 faizi və ya 15537,5 milyon manatı neft sektorunun, 46,8 faizi və ya 13660,3 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2022-ci ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 847,5 milyon manat və ya 5,8 faiz, qeyri-neft sektoru üzrə isə 1534,3 milyon manat və ya 12,6 faiz artırılır. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,6 faiz-bənd artaraq 46,8 faiz təşkil edəcək.

Yenidən baxılma ilə 2022-ci il dövlət büdcəsi xərclərinin 32303,8 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş göstəriciyə (29 879 milyon manat) nisbətən 2424,8 milyon manat və ya 8,1 faiz, 2021-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4881,4 milyon manat və ya 17,8 faiz çoxdur.

2022-ci il yenidən baxılmış dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 62,7 faizi həcmində və ya 20246,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 195,6 milyon manat və ya 1,0 faiz, 2021-ci ilin icra göstəricisinə nisbətən 3658,1 milyon manat və ya 22,1 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 31,8 faizi həcmində və ya 10265,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 2229,2 milyon manat və ya 27,7 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,5 faizi həcmində və ya 1792,0 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.

Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 4,9 faiz- bənd artacaq, cari xərclərin xüsusi çəkisi 4,4 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaq.

Büdcə qaydası üzrə müəyyən edilmiş hədlər və inflyasiya amili nəzərə alınmaqla yaranmış zəruri ehtiyacların qarşılanmasına, o cümlədən dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılmasına (588,4 milyon manat), işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpasının sürətləndirilməsinə və ölkənin digər ərazilərində bir sıra infrastruktur layihələrinin və əsaslı xərclərin (1291,1 milyon manat), həmçinin ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin (193,0 milyon manat) maliyyələşdirilməsinə 2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Dövlət büdcəsində neftin qiymətinin isə 85 dollar nəzərdə tutulması təklif edilir.

Xatırladaq ki, 2022-ci il üçün dövlət büdcəsində neftin qiyməti 50 dollar götürülmüşdü.

Xəbərlər