Cəmiyyət 11 Yanvar 2022, 13:25 | Baxış sayı: 259
"Direktorun çətin tərbiyə edilən uşağı tənbeh etməsi normal haldır".

9 nömrəli tam orta məktəbin direktorunun yuxarı sinif şagirdinə əl qaldırmasını əks etdirən videogörüntülərlə müzakirə obyektinə çevrilib. Daxili İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, məktəbin direktoru Zinyət Əhmədovanın, həmin məktəblinin və onun valideyninin izahatı alınıb.

Hadisəyə Nəsimi rayonunun deputatı Məlahət İbrahimqızı Modern.az-a açıqlama verib.

Deputat uzun illərdən bəri parlamentdə Nəsimi rayonunu təmsil etdiyini və 16 il Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi təşkilatının sədri olduğundan həmin məktəbin kollektivini və döyüldüyü iddia edilən şagirdin ailəsini tanıdığını söyləyib:

"Bu videoda görünən məqama bəraət vermirəm. Amma müvafiq qurumlar tərəfindən heç bir araşdırma aparılmamış, doğruluğu və ya nə dərəcədə əsaslıdır, bilmədən sosial şəbəkələrdə, mətbuatda yaymaq bizim 3000-ə yaxın şəhid, 3000-ə yaxın qazi, eləcə də vətənpərvər veteran gənclər tərbiyə etmiş təhsil ictimaiyyətini də bir növ  qaralamaqdı. Belə video ilə hadisənin şişirdilməsinin məqsədi aydın deyil. Müəllimin, direktorun çətin tərbiyə edilən uşağı tənbeh etməsi normal haldır. Videonu mən də izlədim və dediyim kimi, təqdir etmirəm. Amma yuxarı sinif şagirdinin tərbiyə və intizam qaydalarını kobudcasına pozmasına da haqq qazandırmaq olmaz. Belə görüntülərin sosial şəbəkələrdə yüksək pafosla yayılması düzgün deyil”.
Məlahət İbrahimqızı qeyd edib ki, həmin şagirdin ailəsində də müəyyən problemlər var, bu baxımdan yeniyetmənin tərbiyəsinə yetərli vaxt ayrılmır:

“Şagirdin anası isə polisə izahat verərək, oğlunun çətin tərbiyə edilən uşaq olduğunu, dərsə davamiyyətinin zəifliyini və direktoru günahlandırmadığını bildirib. Düşünürəm ki, bir anlıq baş verən bu cür hadisələri sosial şəbəkələrdə, mətbuatda qabardıb, ziyalı və təcrübəli təhsil işçilərimizin nüfuzuna, müəllim obrazına xələl gətirməməliyik”.

 

Deputat Ceyhun Məmmədov da bu məsələyə münasibət bildirib: 

"Son günlər bu məsələ sosial şəbəkələrdə geniş müzakirə edilir. Biz mövzu ilə əlaqəli müxtəlif məlumatların yayıldığını müşahidə edirik. Hesab edirəm ki, müəllim və məktəb direktorları, həmçinin, şagirdlər bir-birinə qarşı qarşılıqlı hörməti gözləməlidir.

Münasibətlər sevgi, diqqət və qarşılıqlı hörmət əsasında qurulmalıdır. Bütün hallarda müəllimlərin şiddət və zorakılığa üz tutması yolverilməzdir”.

Deputat qeyd edir ki, insanlar baş verən hadisəyə sosial şəbəkə üzərində olduqca emosional şəkildə münasibət bildirirlər:

“Lakin son günlər bu tipli məlumatları daha çox müşahidə edirik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi hadisə ilə bağlı  öz münasibətini bildirib. Hesab edirəm ki, bizim cəmiyyətimiz bu tip məsələlərə ifrat dərəcədə reaksiya verir və ictimailəşdirir. Düşünürəm ki, ümumiləşdirmənin aparılmasına ehtiyac yoxdu. Bu istiqamətdə davamlı olaraq təbliğatın aparılmasının əleyhinəyəm. Belə hallar baş verdikdə aidiyyatı qurumlar tədbir görürlər.

Lakin baş verən hadisənin davamlı olaraq gündəmdə saxlanılması və bu istiqamətdə faktların ictimailəşdirilməsi yanlışdır. Hesab edirirəm ki, bu düzgün deyil. Bu qədər aqressiv və qarşılıqlı ittiham səsləndirməyə ehtiyac yoxdur. Kankret fakt varsa, onu araşdırmaq  və aidiyyatı qurum qarşısında məsələ qaldırmaq lazımdır. Belə hadisələr yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində baş verir.Biz də bu tip hadisələrə hiss və emosiyalara qapılmadan reaksiya verməliyik.

Bu cür məsələlərə kəskin reaksiya və münasibət bizə müsbət təsir göstərməyəcək. Hansısa tərəfə ittihamların  və sərt ikirlərin səsləndirməsi, davamlı olaraq günahkarların axtarılması  münasibətlərimizə xələl gətirə bilər. Bunun həddindən artıq qızışdırılması və dramatikləşdirilməsinin əleyhinəyəm. Zor və şiddət göstərilməsi yol verilməzdir, lakin bunun aidiyyatı qurumlar tərəfindən araşdırılması daha düzgün olardı.

Reaksiya verilməlidir, amma bu o səviyyəyə gəlməməlidir ki, münasibətlər korlansın və qarşılıqlı ittiham müstəvisi formalaşsın. Biz buna mümkün dərəcdə imkan verməməliyik”.

Xəbərlər