Siyasət 13 Dekabr 2022, 12:00 | Baxış sayı: 211
“Deputatların Qarabağdakı aksiyada iştirak etməsi ümumi işə ziyan vurmuş olar…”

“Deputat öz işi ilə vicdanla məşğul olsa, daha yaxşı olar. Hər kəsin öz işi, hər şeyin öz zamanı var. Deputatların indiki şəraitdə Şuşada keçirilən aksiyada iştirakı sırf siyasi çalar ala bilər. Aksiyada Qeyri-Hökumət Təşkilatları, yəni əslində qeyri-siyasi qüvvələr iştirak edir, fədakarlıq göstərirlər. Belə aksiyanın keçirilməsi ağıllı addımdır, bu fədakarlığı yüksək qiymətləndiririk. Hətta bəziləri tələb edirlər ki, Şuşada piket keçirənlər nə üçün rus qoşunlarının çıxarılmasını tələb etmirlər? Onları tənqid etdim. Bilirsiniz, bu, ekologiya ilə, təbii sərvətlərimizin mənimsənilməsi ilə bağlı aksiyadır. Pilləkəni bir-bir çıxmaq daha yaxşı deyilmi? Birdən-birə iki-üç addım artıq dırmaşmaq axı yıxılmaq ehtimalını artırır…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

T.Kərimli bildirib ki, zamanı gələrsə, deputatlar da aksiyada iştirak edərlər: “Deputatların indi iştirak etməsi ümumi işə ziyan vurmuş olar. Deputatların borcudur ki, indiki halda torpaqlarımızın suverenliyinin bərpası üçün öz sahələrində çox çalışsınlar, çalışırlar da. Xaricdə olan deputatlarımız var. Onlar Avropa Şurasında qətnamənin qəbul edilməsinin qarşısını aldılar. Ermənilər məsələ qaldırmışdılar ki, guya Laçın yolu kəsilib, “Dağlıq Qarabağ”da genosid edirik və s. Mərhələ-mərhələ Azərbaycan doğru addımlayır, düzgün taktika seçib. Strategiyamız isə bəllidir - torpaqlarımızın bütövlüyünü bərpa etmək, rus qoşunlarının Qarabağdan çıxarılması, Xankəndi üzərində suverenliyimizin bərpası. Allahın izni ilə bütün bunlar gerçəkləşəcək. Bir az səbirli olaq…”

Xəbərlər