Cəmiyyət 15 Avqust 2022, 13:33 | Baxış sayı: 144
"Deputatlara qarşı fobiya yaranıb".

"Ümumiyyətlə, nəyəsə görə deputatlara qarşı fobiya yaranıb. Hamı onların üstünə düşür. Təbii ki, haqlı nöqsanlarımız varsa, qəbul etməyə hazırıq, amma şər-böhtan atılanda, fikirlərimiz təhrif olunanda, inciyirik. Axı biz də insanıq və gücümüz çatan qədər xalqımız, vətənimiz üçün işlər görürük”.

Bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“İnsanlar fikirləşirlər ki, deputat seçicilərin adından olan təmsilçidirsə və xalq onu seçibsə, deməli, onu tənqid və hər şey tələb etmək hüquqları var. Ancaq düşünmürlər ki, bəzi məsələlər deputatın səlahiyyətindədir, ya yox. Bəzən deputat müəyyən məsələləri yerinə yetirə bilmir. Buna ya onun səlahiyyəti imkan vermir, ya da gücü çatmır. Hətta icra orqanları da bəzən deputatın sorğularına cavab vermir, telefonlarını belə götürmürlər və saymazlıq edirlər. Təəssüf ki, bu halda vətəndaşlar icra orqanın nümayəndəsini, o işi görməyə məsul olan şəxsləri deyil, deputatları hədəf seçirlər”. 

Deputat qeyd edib ki, deputatların tənqid hədəfi olmasının digər səbəbi bəzi agentliklərin, saytların icra strukturlarında olan imkanlı şəxslərin əlində olmasındadır: “Onlar özlərindən zərbəni yayındırmaq üçün deputatlardan qalxan kimi istifadə edirlər. Ancaq bu heç kimə icazə vermir ki, istər deputat, istərsə başqa şəxslər haqqında yalan xəbərlər, şər-böhtan yaysın. Bu dəfə mən xoş tendensiyanı hiss etdim. Sevinc Fətəliyevanın məsələsindən sonra sosial şəbəkələrdə bəzi vətəndaşlarımız tanımadığı halda belə, onun müdafiəsinə qalxdılar. Demədiyi sözün tirajlayıb, xanımın şəxsiyyətini alçaltmaq nəyə lazımdır?"

Pravda.az 

Xəbərlər