Cəmiyyət 18 Avqust 2022, 16:32 | Baxış sayı: 280
Deputatlar son günlərdə baş verən meşə yanğınları barədə nə düşünür?


Avqustun 15-də Quba, Qəbələ, Şabran və Siyəzəndə başlayan meşə yanğınlarının söndürülməsi prosesi hələ də davam edir. Təbii fəlakət nəticəsində yaralananların olduğu, bəzi kəndlərdə isə sakinlərin təxliyə edildiyi bildirilir. Cəmiyyəti maraqlandıran əsas məsələlərdən biri isə Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən öhdəlikləri nə qədər yerinə yetirməsi ilə bağlıdır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov Meclis.info-ya mövcud vəziyyəti dəyərləndirib. Deputat bildirib ki, FHN yanğınların qarşısının alınması istiqamətində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. “Düzdür, çətinliklər var, amma bu, təkcə Azərbaycanda yox, digər ölkələrdə də baş verir. Burada hər kəsin üzərinə məsuliyyət düşür” - deputat bildirib.

Elman Məmmədov həmçinin sakinlərin evakuasiya məsələsinə də toxunub və hazırki vəziyyətin tamamilə dövlət nəzarətində olduğunu bildirib: “Yanğından ziyan çəkmiş insanlara dövlət həmişəki kimi yenə də öz dəstəyini göstərəcək. Təxliyə olunanlar, əmlakına ziyan dəyənlər və yaralananların hər biri nəzarətdədir. Bunların hamısı hesablanır”.


Müvafiq komitənin digər üzvü, deputat Hikmət Məmmədov da FHN-in yanğınlara operativ şəkildə müdaxilə etdiyini qeyd edib.
Deputatın fikrinə görə, yanğınların hələ də davam etməsi təbii şərtlərlə əlaqədardır: “Texniki faktorlarda da qüsur ola bilər. Bunu istisna etmirəm. Amma əsas faktor küləkli havadır. Həm də verilən məlumata görə, artıq bir neçə yerdə yanğın söndürülüb. Ona görə də, ciddi problem olduğunu düşünmürəm”.

Xəbərlər