Cəmiyyət 13 Sentyabr 2021, 14:04 | Baxış sayı: 296
Deputatlar Ramin Bayramlının istefasına münasibət bildiriblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən  istefa verib.

Ramin Bayramlının istefası günün əsas müzakirə mövzusuna çevrilib. Bildirilir ki, R.Bayramlının TƏBİB-dən getməsi ən doğu qərardır və o, səlahiyyətlərinin öhdəsindən gələ bilmirdi.

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a bildirib ki, onun istefa qərarının gerçək səbəbləri hələlik məlum deyil:

"Ramin Bayramlının istefasını oxudum. Hələ bilmək olmaz, istefasının arxasında nələr var. Bununla bağlı yəqin ki, yaxın günlərdə suallara cavab tapılar. Mən özüm ilk gündən Milli Məclisdə qeyd etmişəm ki,  Səhiyyə Nazirliyini iki yerə bölmək səhv addımdır. Səhiyyə Nazirliyi ölkə əhalisinin sağlamlığı ilə məşğul olan qurumdur.  Ona görə də səhiyyənin iki yerə ayrılması xoşagəlməzdir. Düzdür, TƏBİB koronavirusun ağır vaxtlarında müsbət addımlar atdı, amma hesab edirəm ki, bu quruma ümumiyyətlə ehtiyac yox idi. Səhiyyə Nazirliyinin tabeliyində nə lazım idisə, orada görülürdü. Niyə Səhiyyə Nazirliyini iki yerə bölürük? Bu məsələni Milli Məclisdə müzakirə edəndə fikirimi bildirdim ki, belə etmək olmaz. Təəssüf ki, oldu".

 

Deputat Fazil Mustafa isə R.Bayramlının istefasına belə münasibət bildirib:

“Bu yükü yerinə yetirmək çətindir. İkili idarəetmə sistemi həmişə belə narahatlıqla müşahidə olunub. Həm TƏBİB, həm də Səhiyyə Nazirliyi qarışıq mühit yaradıb. Ona görə də bir mərkəzdən idarə olunan formaya gətirmək lazımdır ki, normal fəaliyyət göstərə bilsinlər. Təəssüf ki, bu yoxdur. Görünür ki, içəridə də anlaşılmazlıq, müəyyən məsələlərin həllində narahatlıqlar belə addımın atılmasına gətirib çıxardı. Hesab edirəm ki, hazırki ağır prosesdə TƏBİB-in başında olmaq və pandemiyanı idarə etmək asan məsələ deyil”.

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı isə Ramin Bayramlının vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün istefa verdiyini bildirib.

Onun fikrincə, yeni təyin olunacaq şəxs vəzifəsinin ciddiliyini dərk etməlidir:

“Ramin Bayramlının istefa ərizəsi yazması o deməkdir ki, bu işdə öz fəaliyyətindən razı deyil. Çünki TƏBİB-in rəhbəri olmaq çox böyük məsuliyyət və ehtimaddır. Bu vəzifə ona ölkə rəhbərliyi tərəfindən verilmişdi, amma o bu vəzifəni layiqincə yerinə yetirə bilmədiyi və etimadı doğrulda bilmədiyi üçün istefa verdi. İstefanı mən normal qarşılayıram və bu siyasi mədəniyyətdir.

Vəzifəyə gələn yeni şəxs də üzərinə götürdüyü işin məsuliyyətini və ciddiliyini dərk etməlidir. Bu, ölkənin səhiyyə siyasətinin həyata keçirilməsində rolu böyük olan vəzifədir. Bu gün səhiyyə siyasətini ölkəmizdə Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi həyata keçirir. Təbii ki, bu vəzifəyə gələn şəxs peşəkar olmalı, eyni zamanda ciddiyyəti dərk etməlidir. Bugünkü pandemiya vəziyyətində vəzifəyə yeni gələn şəxs bunların hamısını gözə almalıdır. Xalqın sağlamlığının keşiyində durmağı özünə şərəf bilməlidir”.

Xəbərlər