Siyasət 6 Avqust 2022, 20:52 | Baxış sayı: 90
Deputatlar Azərbaycanın Londondakı səfirliyinə hücum barədə nə düşünürlər?

Avqustun 4-də Azərbaycanın Britaniyadakı səfirliyinə özünü dini radikal qrup adlandıran şəxslər tərəfindən hücum olub. 

Hücuma fərqli aspektlərdən yanaşanlar olsa da, bəzi ekspertlər bu hadisənin məhz Azərbaycan tərəfinin cəbhə bölgəsində keçirdiyi "Qisas" əməliyyatından bir gün sonra baş verməsinin ciddi suallar doğurduğunu deyir. 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa baş vermiş hadisəni qiymətləndirərkən Meclis.info-ya açıqlamasında söyləyib ki, burada həm Britaniya xüsusi xidmət orqanlarının, həm də bəzi qruplaşmaların marağı ola bilər. 

O, yalnız xüsusi xidmət orqanlarının məsələni ətraflı araşdırıb bir qənaətə gəlməsindən sonra daha dəqiq fikir bildirməyin mümkün olduğunu deyib. 
Deputatın fikrincə, hücumun həm də "Qisas" əməliyyatı ilə bağlılığı var: 

"Bu qruplaşmalar istər İran tərəfdarı olsun, istər İrana qarşı, erməniləri dəstəklədiklərini gizlətmirlər. Belə bir addım həm də onların mövqeyini gücləndirmək məqsədiylə atılmış ola bilər".

Fazil Mustafa bu hadisənin Britaniya-Azərbaycan arasındakı qarşılıqlı əlaqələrə elə də ciddi təsir göstərməyəcəyini vurğulayıb: 

"Biz indi cəbhədə post qazanmağa çalışırıq. Belə bir zamanda Britaniya ilə münasibətlərimizi başqa məcraya daşımaq elə də işimizə yaramaz. Amma Azərbaycan da Britaniyanın müəyyən dərəcədə etibarsız davrandığını diqqətdə saxlayacaqdır". 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirovun fikrincə, xaricdəki anti-Azərbaycan mövqeli siyasi dairələr "içimizdəki sapı özümüzdən olan baltalarla birləşərək" bu dəfə praktikanı dəyişiblər. 
O, hesab edir ki, artıq ölkədə sabitliyi siyasi təyziq yerinə dini motivlərdən istifadə edərək pozmaq istəyirlər. 

Deputat qeyd edib ki, Azərbaycan belə eksperimentlər  üçün doğru məkan deyil. 

O, bu hadisənin heç də təsadüfdən yox, əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirildiyinə diqqət çəkib: "Bu dini qruplaşma, zənnimcə, elə də ciddi təsir imkanlarına malik deyil. Ola bilsin ki, hansısa daha böyük siyasi qruplaşmanın əlində alət rolunu oynayır" - Elman Nəsirov əlavə edib. 

O, indiki halda erməni lobbisinin öz maliyyə imkanları hesabına bu dini qruplaşmadan istifadə etdiyini düşünür. 

Hər şeyə rəğmən deputat Britaniya ilə münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayıb:

"Sadəcə olaraq bu məsələdə Azərbaycanın Xarici İşlər Nazirliyi, xüsusi xidmət orqanları Londondakı tərəfdaşlarla çox ciddi müzakirələr aparmalıdır. Çünki Britaniya təhlükəsizlik xidmətinin baş vermiş hadisəyə münasibəti çoxsaylı suallar doğurub. Onlar cəld, adekvat reaksiya verməyərək bir çox hallarda kənardan müşahidəçi statusunda görünürlər". 


Meclis.info

Xəbərlər