Ümumi, Cəmiyyət 17 İyun 2021, 16:34 | Baxış sayı: 276
Deputat Şuşa Bəyannaməsi haqqında danışan siyasi partiyalara münasibət bildirdi.

“İyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərinin bugününü və gələcəyini müəyyən edən tarixi qərardır. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə imzaladığı bu sənəd regiona sülh gətirəcək və iki dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyin təminatçısı olacaq. Bu Bəyannamə Azərbaycan və Türkiyə xalqları və dostlarımız tərəfindən böyük rəğbətlə qarşılanıb, hər kəs bunu toy-bayram kimi qəbul edib. Lakin təəssüflər olsun ki, hələ də bunu qəbul edə bilməyən qüvvələr var”.

 

Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Şuşa Bəyannaməsi ilə bağlı yaydıqları bəyanat barədə danışarkən deyib.

Deputat xatırladıb ki, Azərbaycanda mövcud olan əksər siyasi partiyalar Şuşa Bəyannaməsini dəstəkləyən bəyanat yayıblar: “Ölkədə fəaliyyət göstərən 48 partiyanın birgə yaydığı bu bəyanatda məhz Şuşa Bəyannaməsinin önəmi vurğulanır, bu sənədin Azərbaycan, Türkiyə və bütün region üçün faydalarından bəhs edilir, Zəngəzur dəhlizinin ən qısa zamanda fəaliyyətə başlaması ilə əlaqədar əldə olunmuş razılığın bu Bəyannamədə əksini tapmasının vacibliyi xüsusilə vurğulanıb. Unutmamalıyıq ki, hazırda Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlıq hər keçən gün inkişaf edir. Təəssüflər olsun ki, bu Bəyannaməni dəstəkləyən bəyanatı 48 partiya imzalasa da, digər 2 partiya prosesə müşahidəçi qismində qalıb, dəstəyini əsirgəyir. Hərçənd ki, uzun illərdir ki, Azərbaycan xalqının arzusu və istəyi idi ki, torpaqlarımız işğaldan azad olunsun, Azərbaycan ərazi bütövlüyünü bərpa etsin və qardaş Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik müqaviləsi imzalansın. Göründüyü kimi, özünü müxalif adlandıran şəxslər bu qələbəyə sevinmək istəmirlər. İstənilən halda xalq öz seçimi edib. Azərbaycan və Türkiyə qardaşlığı daimi, dönməz və əbədidir".

Qeyd: Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar iyunun 16-da bəyanat yayıblar.

Xəbərlər