Cəmiyyət 19 May 2021, 15:42 | Baxış sayı: 325
Deputat: "Əsas məqsədimiz Qarabağ torpaqlarının cənnətə çevrilməsidir".

Bu il Laçının işğal tarixi başqa bir ruhda qeyd edilir. Çünki artıq Laçın işğaldan azad olunub. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızdan erməni faşist və terrorçularını qovdu, ərazi bütövlüyümüzü bərpa etdi.

Bu sözləri Trend-ə millət vəkili Naqif Həmzəyev deyib. Deputat bildirib ki, biz bu qələbəni Azərbaycanın igid oğullarına borcluyuq.

“Möhtərəm Prezidentimiz fevral ayında Laçın rayonuna səfərində bir çox açılışlarda iştirak etdi və xalqa növbəti müraciətində mesajını verdi. Biz çox xoşbəxtik ki, torpaqlarımız işğaldan azad olunduğu bir dövrdə yaşayırıq. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Bütün bunlara baxmayaraq, tariximizi qətiyyən unutmamalıyıq. İşğal günləri tarixdə qalmalıdır, gənclərimizə bu işğalın həmin dövrdə qarşısının alına bilməməsinin səbəbləri öyrədilməyə davam etdirilməlidir.

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizə Allah rəhmət etsin, onların ruhu qarşısında baş əyirik! Allah qazilərimizə şəfa versin. Xalqımız sağ olsun ki, həmişə olduğu kimi 44 günlük müharibədə Ali Baş Komandanımızın ətrafında sıx birləşdi. Bu birlik və vəhdət nəticəsində biz qələbə əldə edə bildik. Tarixi keçmişi unutmamaq şərtilə gələcəyə baxırıq, bütün hədəflərimiz gələcəyə doğrudur. Əsas məqsədimiz Qarabağ torpaqlarının cənnətə çevrilməsidir. Cənab Prezidentin rəhbərliyi altında Qarabağa qayıdış proqramının tezliklə həyata keçiriləcəyinə hər kəs inanır. Hər birimiz əlimizdən gələni etməliyik ki, soydaşlarımız dədə-baba yurdlarına dönüb həyatlarını davam etdirsinlər.

Bu gün biz şəhidlərimizi qürur hissi ilə anır və fəxrlə deyə bilirik ki, Laçın sən artıq azadsan, Qarabağ Azərbaycandır!”, - N.Həmzəyev vurğulayıb.

Xəbərlər