Cəmiyyət 18 May 2021, 18:14 | Baxış sayı: 279
Deputat: “Regiona daxil olan, ərazilərimizə həmsərhəd dövlətlər əsl reallıqları bilirlər və 30 illik tarixi olan prosesdən xəbərdardırlar".

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri Muctaba Zonnur “Proarmenian” agentliyinə açıqlamasında bəyan edib ki, ölkəsi regionda və dövlətlərin ərazi bütövlüyü məsələsində hər hansı dəyişikliklərin olmasına qarşı çıxır. Azərbaycanla Ermənistanın sərhədlərinin delimitasiya və demarkasiyası məsələsinə toxunan parlamentari bildirib ki, “Biz sərhədlərimizin yanında hər hansı transregional qüvvəni qəbul etmirik və Ermənistan ərazisinin bir hissəsini götürəcəklərsə, bunun nəticəsində bizim yeni qonşumuz olacaqsa, bu, bizim üçün qəbuledilməzdir”.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elnur Allahverdiyevin mövqeyini öyrəndik. O, “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev məsələyə konkret münasibət bildirib və prinsipcə, dövlət başçısının açıqlamasından sonra sual doğuracaq heç nə qalmayıb:

“Hər iki tərəfdən peşəkar hərbçilər yerində problemin çözümü üçün çalışırlar. Rusiya tərəfi də prosesə dəstək verir, çünki keçmiş SSRİ respublikalarını ayıran inzibati bölgüyə dair xəritə və sənədlər bu ölkədədir. Heç bir dava, silah tətbiqi, zorakılıq halları yoxdur. Sülhməramlıların komandanlığı buradadır. Erməni hərbçiləri belə, situasiyanın sakit olduğunu deyirlər. Ancaq Yerevandakı siyasətçilər sanki ötən əsrin 80-ci illərində yaşayırıq kimi hay-küy salıb həm vətəndaşları, həm də dünya ictimaiyyətini aldatmağa çalışırlar. Bunların hamısı iyunun 20-də Ermənistanda keçiriləcək seçkilərin oyunlarıdır”.

E.Allahverdiyevin fikrincə, regiondan uzaqda olan dövlətlərin rəsmi nümayəndələrinin qərəzli bəyanatlarını haradasa anlamaq mümkündür, çünki real vəziyyət və sərhədlərin tarixi barədə məlumatları olmaya, yaxud erməni diasporunun təzyiqi ilə tərəf tuta bilərlər.

“Regiona daxil olan, ərazilərimizə həmsərhəd dövlətlər əsl reallıqları bilirlər və 30 illik tarixi olan prosesdən xəbərdardırlar. İran bu müddət ərzində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Düzdür, Vətən müharibəsində xoşagəlməz hallar oldu, məsələn, silahla dolu yük maşınlarının İran ərazisindən Ermənistana hərəkəti. Ancaq tez bir zamanda aradan qaldırıldı. Bizim ən uzun sərhədlərimiz İranladır və düz 28 il ərzində bu sərhədlərə separatçı cinayətkar rejim nəzarət edəndə də dost İran dövlətində bilirdilər ki, Azərbaycan ərazi bütövlüyünü gec-tez bərpa edəcək. Bu, ötən ilin sonunda baş verdi və cənab Prezident İran-Azərbaycan sərhədini “Dostluq sərhədi” adlandırmaqla münasibətlərimizin əhəmiyyətini qiymətləndirib” – deyə deputat vurğulayıb.

Millət vəkili əmindir ki, mübahisəli delimitasiya prosesi başa çatandan sonra qonşu İran bərpa olunmuş sərhədlər çərçivəsində yenə də ərazi bütövlüyü prinsipinə öz dəstəyini verəcək:

“Xəritəyə baxsaq görərik ki, hazırda müzakirəsi gedən Qaragöl gölünün ətrafı birbaşa Ermənistan-İran sərhədindən aralıdır. Yəni orada baş verə biləcək dəyişikliyin İranla həmsərhəd hissəyə aidiyyəti yoxdur. Ermənistan da İranın köhnə qonşusudur, Azərbaycan da”.

Xəbərlər