Cəmiyyət 1 İyun 2021, 15:23 | Baxış sayı: 413
Deputat: "Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir".

“Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərini sürətlə davam etdirir. Ərazilər minalardan təmizləndikdən sonra quruculuq işləri daha böyük vüsət alacaq. Çünki erməni işğalı nəticəsində 30 il doğma torpaqlarında yaşamaqdan məhrum olmuş insanları öz yurdlarına qayıtmasını təmin etmək dövlətimiz üçün ən ümdə məsələlərdən biridir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın cənnətə çevriləcəyi barədə sözlərini xatırladıb: “Bu, həqiqətən də belədir. Azərbaycan xalqı Ağdam şəhərinin Baş planının təqdimatı zamanı buna bir daha buna əmin oldu. Mayın 28-də Ağdama səfəri zamanı cənab Prezident dedi ki, Ağdam şəhəri dünya üçün nümunə olacaq. Təqdimatdan göründüyü kimi, Ağdamı çox gözəl gələcək, böyük inkişaf, coşqulu həyat gözləyir”.

Millət vəkilinin sözlərinə görə, təməli qoyulan Ağdam Sənaye Parkında yeni iş yerləri yaradılacaq: “Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Ağdam Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.

Bərpa və yenidənqurmadan sonra Ağdamın regionun sənaye mərkəzlərindən birinə çevriləcəyi gözlənir. Ağdamda sənaye parkının yaradılması investisiyanın cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu, xüsusilə həmin ərazilərimizin potensialından sənaye müəssisələrinin istehsalı üçün istifadə imkanları deməkdir. Həmçinin ərazidəki mövcud resurslardan istifadə istehsal prosesini daha səmərəli edəcək. Bu baxımdan sənaye parkının yaradılması Ağdam və ətraf rayonlara sərmayə cəlbinə imkan verəcək. Nəzərdə tutulan layihələr göstərir ki, Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhfələr verə biləcək”.

Ağdamda “İşğal” və “Zəfər” muzeylərinin yaradılmasının da əhəmiyyətinə toxunan Fatma Yıldırım qeyd edib ki, bu muzeylər yaşadığımız reallıqların gələcək nəsillərə, eləcə də, beynəlxalq ictimaiyyətə çatdırılması baxımından önəmlidir: “Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Ağdamı da tamamilə dağıdıb, viran edib. İşğal muzeyində məhz erməni vəhşiliyi öz əksini tapacaq. Ölkəmizə gələn xarici qonaqlar da bu kimi muzeylər vasitəsilə erməni vandalizminin şahidi olacaqlar. Zəfər muzeyi isə Vətən müharibəsindəki parlaq qələbəmizi tərənnüm edəcək”.

Deputat Ağdam şəhərində Qarabağ Universitetinin yaradılmasının da mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Ağdam şəhərində Qarabağ Universitetinin yaradılması çox önəmlidir. Düşünürəm ki, bu universitetdə, ilk növbədə, Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin, düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır. Yəni, universitetin beynəlxalq əlaqələri yüksək səviyyədə qurulmalıdır. Bu amil Qarabağ Universitetinin dünyada tanınması üçün vacib məqamlardan ola bilər”.

Xəbərlər