Plenar iclaslar 21 May 2021, 17:05 | Baxış sayı: 331
Deputat: "Onlarla siyasətçinin fərariliyi olan yerdə hərbçiləri günahlandırmaq doğru deyil".

“Ermənistan İstintaq Komitəsinin ötən ilin 22 dekabr tarixli məlumatına görə fərarilik edən 1358 nəfərə cinayət işi qaldırılıb. Sonra məlumat qapalı saxlanılıb, lakin qeyri-rəsmi mənbələr ittiham olunanların 10000 nəfərə yaxın olduğunu bildirir”.

Bunu bu gün Milli Məclisin plenar iclasında çıxışında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, Qarabağda yaşayan və xalqımıza qarşı təcavüzkarlıq etməyən, əlinə silah götürməyən və atəş əmrini yerinə yetirməyən, döyüş meydanını tərk edən ermənilərin cəzalandırlması, döyüşməkdən imtina etdikləri üçün xəyanətdə suçlandırılan şəxslərin həbsi pislənməlidir: “Əslində, süngü gücünə səngərə gətirilən minlərlə adamın döyüşməməsi torpaqların kimə məxsusluğunu göstərir. Eyni zamanda, sual olunur - vuruşmaqdan imtina edən erməni hərbçilərin əsas arqumenti nə olub? Cavabı erməni əsgərləri verir - göydən od yağırdı və yoldaşlarımızı külə çevirirdi! Bəli, faktiki olaraq, Qarabağda döyüşlərə cəlb olunan 40 minə qədər hərbçinin 5-6 mini məhv olubsa, 10 mindən çox yaralı varsa, yerdə qalanların da az qala 30 faizi fərarilikdə ittiham edilirsə, deməli, Ermənistan siyasi hakimiyyəti öz vətəndaşları ilə müharibə vəziyyətindədir”.

Parlamentin komitə sədri qeyd edib ki, nəinki savaş, eləcə də sülh dövründə Ermənistanda fərarilik geniş yayılmışdı: “Qarabağda demoqrafik ölüm yaşandığını, azərbaycanlılarla birgə olduqları vaxtı saylarının artdığını, işğal illərində isə azaldığını və qızların da oğlanlardan çoxluğunun müharibə ilə bağlılığını prezident Armen Sarkisyan RBK-ya müsahibəsində etiraf etmişdi. Minlərlə şəxsə cinayət işinin açılması ilə Ermənistan məhkəməsi 100 il əvvəlki andraniklərin, njdelərin varisi sayılan ordunun fərarilərinin qəhrəmanlardan çox olduğunu dünyaya elan edir. Ona görə də bizim həbsxanalar erməni hərbçiləri üçün təhlükəsiz yerdir. Ermənistanın hərbi generalı Levon Stepanyan deyir ki, hamını həbsə ata bilməzlər. Halbuki onlarla siyasətçinin fərariliyi olan yerdə hərbçiləri günahlandırmaq doğru deyil. Baxın, Sarkisyan qarşıdakı parlament seçkilərinə qatılmayacaq. Bu, hərbi məğlubiyyətin birbaşa nəticəsidir. Ən böyük fərarilər Sarkisyanla, Koçaryanın özüdür”.

Z. Oruc onu da vurğulayıb ki, Vətən müharibəsində hərbçilərimiz arasında fərarilik olmayıb: “Bu fakt qələbəmizin ən böyük şərtlərindən biridir”.

Xəbərlər